19 Mart 2015 10:06

“Tolerant” insanların oxuyacağını nəzərə alıb, tolerant yazı yazmaq qərarına gəldim. “İnsan hüquqlarının müdafiəsi” birləşməsini hər cümləmizdə istifadə etdiyimiz, qadın azadlığından dəm vurduğumuz bir dövrdə belə bir mövqe ilə çıxış etmək, bəlkə də, düzgün deyil. Amma axın boyu üzməyə nə var? Çoxluğun eyni istiqamətdə getdiyi yolda əks tərəfə gedən hər kəs haqlı olaraq özünə az da olsa, şübhə ilə yanaşır. Amma çoxluq yanılırsa və sən düz yoldasansa? Onda necə?..

Nə başınızı ağrıdım, döyülən xanımdan danışmaq istəyirəm. Haqqında kifayət qədər oxuyandan sonra hadisəyə olan reaksiyalar məni xeyli təəccübləndirdi. Siqaret çəkən qıza bir-iki uğursuz “podxod”dan sonra “əşşi guya tərbiyəli ev qızıdı da, siqaret damağında” deyə münasibət bildirən Oğuz elinin igidləri bir anlığa tolerantlıq mücəssəməsinə çevrildilər və sarışın xanımın müdafiəsinə qalxdılar.

Yeri gəlmişkən, deyim ki, sürü psixologiyası artıq iki hissəyə bölünüb: kor-koranə mühakimə edənlər və kor-koranə “kor-koranə mühakimə edənlər”i mühakimə edənlər.

Çünki insanlar artıq konservativ görünməkdən qorxurlar. Bəli, qız xeylağı sərxoş ola bilər, bəli, qız xeylağı sevgilisi ilə kluba gedə bilər, bəli, o, istədiyi adamla sevişə də bilər. Bu, onun haqqıdır. Amma onu müdafiə etmək, alqışlamaq nə mənim, nə sənin, nə də bir başqasının öhdəliyidir. Xəbəri oxuyan kimi ağlımdan bir fikir keçdi: “Nə gözləyirdin? Belə də olmalı idi. Yaxşı olub!”

Bəli, yaxşı olub. Ona görə yox ki, o içki içib və gecə saat 4-də sevgilisinin yanında olub. Ona görə ki, xanım qız ürəyinin hər istədiyini edərkən yanında olan adamı düzgün seçməyib. Xanımlar bəzən olduqca axmaq ola bilir. İcazənizlə, balaca bir haşiyə çıxım: Bir rəfiqəm valideynlərindən gizli gecə evdən çıxıb məşhur klublardan birində əylənməyə getmişdi. Orda yaraşıqlı bir cənabla tanış olub, bir müddət sonra evləndilər.

İndi həyat yoldaşı ilə düşən hər xırda mübahisədə “gecə dörddə tanış olduğum qızsan da” sözlərini eşidir. Təsəvvür edirsiniz? Elə bilirsiniz o cənab müasir deyil? ABŞ-da təhsil alıb, böyük bir şirkət məsləhətçisidir və olduqca intellektualdır. Amma nə xaricdə aldığı təhsil, nə şirkətinin pulları, nə də oxuduğu kitablar onun damarlarında axan qanın xislətini dəyişdirməyə müvəffəq ola bilməyib. Bədbəxtliyimiz də bundadır. Bəzən özümüzü müasir düşüncəli hesab edərkən, evdə bizə “11-dən gec evə gəlmə!” deyən konservativ valideynlərin mənəviyyatımıza hopmuş karmasını unuduruq.

Məsələdən çox uzaqlaşdım, deyəsən. Sarışın xanımın döyülməyindən danışırdım axı...

Ona əl qaldıracaq qədər mənəviyyatsız bir adamı həyatına salıb, ona etibar edərək səhərə qədər ağuşunda dincələn xanım döyülməli idi. Mən onlarla müstəqil, ürəyi istəyən kimi yaşayan xanım tanıyıram. Niyə onlara indiyə qədər əl qalxmayıb? Hər müasir, evə 5-də gedən, içki içən, sevgilisi olan xanım döyülürmü? Əlbəttə, yox. Mən elə “fahişə”lər tanıyıram ki, (elə siz də tanıyırsınız) onlara şahzadə kimi hörmət edirlər. Bəs onda bu, necə olur? Çox sadə. Hər bir xanım özünü sevməli, özünə hörmət qoymalıdır. Sevgiliniz düşən mübahisələrdə “özünü itirib” sizi söyürsə, siz artıq “müjdə”ni alıb ondan uzaqlaşmalısınız. Sizi - döyən bir kənara - söyən, təhqir edən adamla barışıb bu səhvini ona bağışlayırsınızsa, başınıza gələcək müsibətlərin qırmızı lentini kəsirsiniz.

Sevgilisi tərəfindən döyülən xanım o canavarla sevgili olduğuna görə, ona əl qaldırılmasına şərait yaratdığına görə səfehin böyüyüdür. Bahalı maşınlar, butiklərdən alınan paltarlar, boyanan saçlar, döyülən tatular – heç biri azərbaycanlı xislətini tamamilə məhv etmək iqtidarında deyil. Başınızı çiyinlərinə söykədiyiniz adam sizə əl qaldırırsa, siz buna layiqsiniz. Çünki seçim edərkən yorğan-ayaq nisbətini nəzərə almamısınız. Çünki döyüldüyünüz günə qədər tanımadığınız adamla birlikdə olmusunuz. Çünki mənəviyyata deyil, maddiyyata aşiq olmusunuz.

Kişilər əcəb edib sizi döyür. Siz buna layiqsiniz, xanımlar.


Müəllif: