19 Mart 2015 11:15
425

Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzinin parkında “Cracking Art” və “Səməni” sərgilərinin açılış mərasimi keçirilib.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalılar və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılar ekspozisiyaya böyük maraqla tamaşa ediblər.

Qonaqlara Avropanın məşhur "Cracking Art Group" qrupunun yaratdığı "Pop-art" janrındakı "Cracking Art" nəhəng incəsənət əsərləri təqdim olunub. "Cracking Art" əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.

"Cracking Art Group" öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.

Bu incəsənət nümunələri bu dəfə Bakıda Heydər Əliyev Mərkəzinin parkında şəhər sakinləri və qonaqların ixtiyarına verilir. IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına insanların diqqətini artırmaqdır.

Həmçinin Mərkəzin parkında ənənəvi "Səməni" sərgisi təşkil olunur. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri - səmənilər nümayiş etdirilib.

Tədbir çərçivəsində gənclər arasında müsabiqə keçirilib. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Rüstəm


Müəllif: