20 Mart 2015 18:29
2 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sara Həsənova: "Məzrəli kəndində ibtidai məktəb müəlliminin diplomu yoxdur"

Saatlı rayonunun Məzrəli kənd orta məktəbində diplomsuz müəllim işləyənlərin olduğu barədə məlumat var. Həmin məktəbin ədəbiyyat müəllimi Sara Həsənova bu haqda Təhsil Nazirliyinə də müraciət edib.

Sara Həsənova bildirir ki, təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan təhsilində apardığı islahatlar, diplomsuz, saxta sənədlərlə işləyən müəllimlər haqqında ciddi tədbirlər görməsi bu məsələni ictimailəşdirməsinə həvəsləndirib. Sara Həsənova qeyd edir ki, belə faktlara daha çox ucqar bölgələrdə, gözdən-qulaqdan uzaq məktəblərdə rast gəlinir.

Məktub müəllifi yazır ki, Məzrəli kənd orta məktəbində diplomsuz işləyən müəllimlərdən biri də Arzu Əzizova ad-soyadlı ibtidai sinif müəllimidir. Onun sözlərinə görə, məktəbdə 23 saat dərs yükü ilə təmin olunan Arzu Əzizovanın yalnız orta məktəb attestatı var: "1986-2001-ci illərdə Məzrəli kənd orta məktəbinin direktoru işləmiş Zakir Əliyev Arzu Əzizovanın yaxın qohumu olduğu üçün onu 1994-1996-cı illərdə qanunsuz şəkildə ibtidai sinif müəllimliyinə qəbul edib. 1996-ci ildə ailə həyatı qurması ilə əlaqədar Arzu Əzizova Rusiyaya gedib, 2008-ci ilə qədər orada yaşayıb.

2009-cu ildə yenidən Məzrəli kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləməyə başlayıb. Tədris ilinin yarısında Təhsil Nazirliyi tərəfindən saxta sənədlə işləməsi aşkarlanaraq işdən azad edilib. Bu məsələ ortalığa çıxanda onun Gəncədə məktəbəqədər tərbiyəçi kursunu bitirdiyi məlum olub".

Məktub müəllifinin sözlərinə görə, Əzizova qohumluq, dostluq və başqa subyektiv amillər ucbatından yenidən işinə bərpa olunub: "O, işə məhkəmə vasitəsilə bərpa edildi. Məgər Arzu Əzizovanın 9 illik pedaqoji stajı əsas verirmi ki, o, orta məktəb savadı ilə şagirdlərə bilik öyrətsin? Digər tərəfdən, onun 9 illik iş stajına necə sahib olduğu da məlum deyil.

Bir məsələni də qeyd edim ki, məktəbdə ehtiyatda ibtidai sinif müəllimi də var. Həmin müəllim Bakı şəhərində M.Ə.Sabir adına Pedaqoji Kollecin ibtidai sinif müəllimliyi fakültəsini əyani bitirib. Amma ona 11 saat ibtidai siniflərdə bədən tərbiyəsi dərsləri verilib. Yəni zəruri ehtiyac varsa, öncə pedaqoji təhsilli kadra önəm verilməlidir".

Məktub müəllifi yazır ki, bundan başqa məktəbin pensiya yaşı çatdığı üçün təqaüdə göndərilmiş müəllimlərindən biri işinə bərpa olunmağa çalışır, eyni zamanda Arzu Əzizovanın qardaşının da orta məktəb attestatı ilə kənd məktəbinə hərbi rəhbər təyin ediləcəyi söhbətləri gəzir. Beynəlxalq Universitetdən diplom alan tarix müəllimi Aysel Mirzəyevanın da sənədlərinin şübhəli olduğu söylənir: "Əgər obyektiv araşdırma aparılsa, Saatlı rayon məktəblərində saxta yolla diplom əldə edib müəllimlik fəaliyyətində olanlara rast gəlinər. Bu faktları açıqladığıma görə mənə irad tutanlar az deyil, amma həqiqət bərqərar olanadək mən bu faktların ictimailəşməsinə çalışacam".

Məsələ ilə əlaqədar Saatlı Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil Şöbəsinin kadr məsələləri üzrə məsləhətçisi Mail Mirzəyev bildirdi ki, Arzu Əzizova məhkəmə qərarı əsasında işinə bərpa olunub: "Arzu Əzizova Rayon Təhsil Şöbəsinə şikayətlə müraciət etdi. Mübahisə predmeti olduğuna görə ona məhkəməyə müraciət etməyi tövsiyə elədik. 2012-ci ildə məhkəmə qərar verdi ki, onun diplomunda qanunsuzluq yoxdur. Məhkəmə sənədi qarşımdadır, orada da göstərilib ki, Əzizova Arzu məktəbəqədər tərbiyəçi-müəllim ixtisasına yiyələnib.

Aysel Mirzəyeva isə ali təhsillidir, Beynəlxalq Universiteti bitirib. Çox təəssüf ki, Sara Həsənova məktəbdə bəzi müəllimlərə qarşı şəxsi-qərəzliyə yol verir və bu da idarəetmədə problemlər yaradır. Hazırda məktəbə təhsil şöbəsinin tam nəzarətindədir. Hələlik məktəb müvəqqəti rəhbərlik Şöhrət Bədəlova həvalə olunub".

Son illər orta məktəb müəllimləri arasında saxta diplomla fəaliyyət göstərənlərin olduğu fikri bir neçə dəfə səsləndirilib. Təhsil naziri belələrinin sayının 2 minə çatdığını bəyan edib. Bu baxımdan məsələyə həssaslıq göstərib şikayətçinin və rəsmi orqanın mövqeyini dərc etdik. Araşdırmaları isə bitmiş saymaq olmaz.

Sevil Hilalqızı


Müəllif: