19 May 2014 12:17
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ünvanlı dövlət sosial yardımı proqramının icrası zamanı hazırda 130 mindən artıq ailə bu proqramdan faydalanır”.

Teleqraf.com-un məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda keçirilən konfransda deyib: “Son bir il ərzində aktiv sosial yardım və ya özünə yardım proqramının tətbiqinə pilot əsaslarla başlanılıb. Bu proqram çərçivəsində ailələr öz sosial yardım müavinətlərinin bir illik məbləğini bir dəfəyə ala və bu vəsaiti gəlir əldə etməyə imkan verən müxtəlif fəaliyyətlərə yönəldə bilirlər. Nəticələr çox ümidvericidir, benefisiarların 90 faizindən çoxu gəlirlərini artırmağa nail olublar”.

Səlim Müslümov fiziki məhdudiyyəti olan və çətin şəraitdə yaşayan uşaqlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi üçün ötən ildən vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmət sifarişlərinin verilməsinə başlandığını, bu xidmətlərdən 2500-dən artıq uşağın və onların ailələrinin istifadə etdiyini bildirib.

Nazirliyin fəaliyyət sahələrində aparılan islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyən nazir bildirib ki, dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç, Türkiyə və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulub və inkişaf etdirilir:

“İndiyədək nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalanıb və müntəzəm olaraq görüşlər keçirilir. Eyni zamanda, nazirlik Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və digər qurumlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.

Naibə


Müəllif: