19 May 2014 14:15
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

İstehsalat Birliyi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, birlik tərəfindən texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq, mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət yaradılıb. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərliliyini artırmaq məqsədilə yaradılan bu xidmət Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanır.

Eyni zamanda, xarici və yeraltı qaz kəmərlərinə vaxtaşırı baxışların keçirilməsi üçün müvafiq təşkilatla müqavilə bağlanmaq ərəfəsindədir. Müasir avadanlıqlara malik, təcrübəli xarici mütəxəssislər, o cümlədən Türkiyədə kurs keçmiş işçilərdən ibarət olan bu təşkilat qaz kəmərlərinin diaqnostikası, qaz kəmərlərinin üzərində yerləşən kranlarda, kranlı və armaturlu birləşmələrdə, siyirtmə və ventillərdə sızmaların aşkar edilməsi, şəhər qaz şəbəkəsinin diaqnostikası, qaz kəmərinin marşrutu boyu çətin keçilən ərazilərdə baş verən sızmaların axtarılması, təyini və lokallaşdırılması; qazlaşdırılmış obyektlərin ərazilərinə nəzarət edilməsi üzrə xidmət göstərəcək. Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaq ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunub.
“Azəriqaz” İB bir daha bəyan edir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil və ümumiyyətlə, yaxın vaxtlarda bu region üzrə hər hansı struktur dəyişikliyi gözlənilmir. “Azəriqaz” İB bir daha KİV-ləri birliyin strukturunun təkmilləşdirilməsi prosesinin işıqlandırılması zamanı daha diqqətli olmağa, obyektivliyə riayət etməyə və sensasiya axtarmamağa çağırır.

Naibə QURBANOVA


Müəllif: