20 May 2014 12:27
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Milli Elmlər Akademiyasından ANS PRESS-ə verilən məlumata görə, nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində vəfat edib.


Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinə daxil olub, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr edib. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə edib və respublikamızda bu sahədə geniş tədqiqatlar aparıb. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olub. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olub. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparıb.


25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikamızda elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak etmiş və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənib.

Akademik N.Quliyevin həmmüəllifi olduğu “Neytrino” kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılmış ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Akademik uzun illər ərzində SSRİ Elmlər Akademiyasının nüvə fizikası sahəsində Koordinasiya Surasının üzvü olub. Xidmətlərini nəzərə alaraq 2011-ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edilib.

Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunub.

Görkəmli alimlə vida mərasimi saat 13:00-da AMEA-nın Əsas binasında keçiriləcək.
Allah rəhmət eləsin!


Müəllif: