20 May 2014 12:57
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin mayın 19-da keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hər 3 sənəd barədə məlumat verən sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna 11.4-cü maddənin əlavə olunması təklif edilir. Yəni, bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.

Həmçinin bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması bundan sonra qadağan olunacaq. Komitə sədri bildirib ki, bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənə bilirdi: “Qanuna edilməsi təklif olunan mövcud dəyişiklik isə bu söz-söhbətlərin qarşısını alacaq, bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Bu, elə düzgün işləyən bələdiyyələrin özünün də xeyrinədir”.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, nağd ödənişlərə qadağanın qoyulması bələdiyyələrə zərbə vura bilər: “Ölkədə kölgə iqtisadiyyatının payının azaldılması, o cümlədən yerli büdcə gəlirlərinin formalaşdırılmasında şəffaflığın artırılması və vergi ödənişlərin təyinatı üzrə yığılmasında nağdsız ödənişlərin rolu əvəzsizdir. Son illər nağdsız ödənişlərin tətbiqi sahədə bir sıra təşəbbüslər göstərilir və bu addımların ilkin müsbət nəticələri görünməkdədir.

İnsanlar evində oturmaqla internetlə bütün kommunal xərclərini, vergi borclarını ödəyirlər. Bütün bu üstünlüklərin fonunda yerli vergi və ödənişlərin nağd şəkildə qəbuluna qadağanın tətbiqi qərarı tələsik addımdır və bu, onsuz da ağır vəziyyətdə olan bələdiyyələrin fəaliyyətinə ciddi zərbə vura bilər”.
Təklif qəbul edilərsə, yerli vergi və ödənişlərin ödənilməsi yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Bu isə Samir Əliyevə görə, yerli vergi öhdəliklərinin nağdsız qaydada ödənişi şəffaflıq və hesabatlılıq baxımından vacib olsa da, indiki dövrdə nağd ödənişlərə qadağanın qoyulması yolverilməzdir: “Əsas problem kənd yerlərində olacaq, çünki ödəniş üçün zəruri infrastruktur yoxdur. Belə çıxır ki, kənd əhalisi hər dəfə vergi və ödənişləri ödəmək üçün bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə getməlidir. Halbuki bu vaxta qədər yaşadığı evin bir neçə yüz metrliyində yerləşən bələdiyyəyə pul ödəməkdə maraqlı deyildi. Güman ki, Azərpoçt MMC-nin yerli poçt şöbələrinə yerli vergi və rüsum qəbulu səlahiyyəti veriləcək. Ancaq nəzərə alaq ki, hazırda ölkədə 1606 poçt şöbəsi fəaliyyət göstərir. Kənd yaşayış məntəqələrinin sayı isə təxminən 4255-dir. Göründüyü kimi, hər 5 kənddə 2 poçt şöbəsi düşür. Deməli, hətta bu addım əhalinin maliyyə müəssisələrinə əlçatanlıq problemini həll edə bilməyəcək”.

Ekspert deyir ki, bu gün ölkədə fəaliyyət göstərən bələdiyyələrinin 90 faizi öz büdcə vəsaitləri üzərində müstəqil sərəncam vermək hüququndan məhrumdurlar: “Qanunvericilikdə müstəqillik əksini tapsa da, reallıq bunun əksini deyir. Büdcədən vəsait çıxarmaq üçün bələdiyyə mütləq yerli icra hakimiyyəti başçısının razılığını almalıdır. Əks halda bələdiyyə bankdan pul çıxara bilmir. Hətta büdcə xərclərinin təyinatı bir sıra hallar icra başçıları tərəfindən müəyyənləşdirilir. Vergi və ödənişlər nağd şəkildə ödənildikdə bələdiyyə həmin vəsait üzərində sərbəst sərəncam verə bilir və onu hansısa yerli problemin həllinə yönəldir”.

Naibə QURBANOVA


Müəllif: