21 May 2014 17:38
2 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Fuad Nurullayev: “Orucluq 36 ildən bir eyni fəslə təsadüf edir”

Qurban Yaquboğlu: “Sovet vaxtı dədə-babalarımız ot biçinində də işləyə-işləyə oruc tuturmuşlar”

Bu il Ramazan ayı iyun ayının 27-də daxil olacaq.

Günlərin uzunluğu, havaların isti keçməsi bəzi insanlarda oruc tutmağa tərəddüd yaradır.

Bəs, belə vaxtlarda insanlar nə etməlidir?

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, il boyu mütəmadi olaraq orucluq günün uzun vaxtlarına da, qısa vaxtlarına da düşə bilər. Onun sözlərinə görə, bu, oruc tutanın iradəsindən asılıdır: “Bədən sağlamdırsa, iradəsi möhkəmdirsə, fərq eləməz, gün uzun olsun, hava isti olsun. Dünyanın hər yerində müsəlmanlar yaşayır. Bu həmçinin əqidə ilə bağlıdır. Əqidə möhkəmdirsə, nə günün uzunluğu, nə havanın istiliyi əqidəni sarsıtmır. Allaha xatir insan oruc tutursa, xali niyyətlə orucluqda özünü rahat, sərbəst, gözəl hiss edir. Çünki niyyət duada və zikrdədir. Niyyət ki, Allaha ibadətdir nə susuzluğu, aclığı, nə də qış fəslində soyuqluğu hiss eləmirsən. Səhv etmirəmsə, orucluq 36 ildən bir eyni fəslə təsadüf edir.

Cavanlıq vaxtlarımda iyun-iyul aylarında orucluq tutmuşam. Adama cavanlıqda bir az çətin olur, amma insanın yaşı 40-ı keçəndən sonra o qədər də problem olmur. Sadəcə olaraq, xəstələrdir, qocalardır, zəif olan insanlar müəyyən formada orucluqdan güzəştlidirlər. Belə insanlar fidyə verə bilərlər. Düşünürük ki, fidyə üçün bir gün 3-5 manat məbləği olsun. Bir ay hesablanıb bir ailəyə, iki adama bu pul şəklində və ərzaq kimi paylana bilər. Amma bir şərtlə ki, güzəştli insanlar istədiyi yerdə yemək yesinlər, çay içsinlər yox. Onlar da orucluğun mürvətini saxlamalıdırlar. Hətta xəstə bir insandan soruşanda o, oruc tutduğunu deməlidir. Bu yalan sayılsa belə, bunu orucluqda yalan kimi qəbul etmirlər”.

F.Nurullayev deyib ki, indidən orucluğun bağlanması ilə bağlı qəti qərar vermək mümkün deyil: “Ayın görünməsi ilə orucluğun başlanması deyiləcək və Qazilər Şurasının fətvası bəyan olacaq. Orucluq bayramında da eynilə bayramlıq fətvası bəyan olunur. Sadəcə biz insanlara tövsiyə edirik ki, dünya üzərində Ayın görünməsi ilə bizim üfüqdə görünməsi arasında saat fərqi olur. Bunu gözləsinlər, tələsməsinlər. Bəzən rəsədxanadakı adam məsələyə din mütəxəssisi kimi yanaşmır”.


Jurnalist Qurban Yaquboğlu bildirib ki, hər gün rejimlə, yaxud pərakəndə olsa belə istədiyi vaxt istədiyi qidanı yeməyə öyrəşmiş adamlardan fərqli olaraq müsəlmanlar oruc qaydalarına əməl edərkən heç bir çətinliklə üzləşmirlər: “Birincisi, bu, psixoloji məsələdir, insan öz düşüncəsində, imanında aclığa hazırlıq görübsə, könlü təyin olunmuş vaxtı gözləyəcək.

İkincisi, İslamda ilboyu tutulan nafilə oruclar da var. Məsələn, bazar ertəsi və cümə axşamı oruclarını ilin istənilən vaxtında tutmaq olar və əksər müsəlmanlar bu orucları az-az olsa da tuturlar.

Ramazan orucunun fəziləti böyük olduğundan müsəlmanlar o ayı səbirsizliklə gözləyirlər. Mən eşitdiyimə görə, dədə-babalarımız sovet vaxtı, hətta yaz-yay aylarında taxıl və ot biçinində də işləyə-işləyə oruc tuturmuşlar. Bu bir daha sübut edir ki, çox şey, o cümlədən bədən inanca tabedir”.

BƏXTİYAR


Müəllif: