17 Aprel 2014 15:17
618

Qardaş Türkiyədə böyük hay-küyə səbəb olan nurçuluq dini təriqəti Azərbaycanda da təhdid mənbəyi hesab olundu. Rəsmi açıqlanmasa da, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun da tutduğu postdan uzaqlaşdırılmasının nurçuluq təriqəti ilə bağlı olduğu mediada yer aldı.

Hətta Qafqaz Müsəlmanları İdarəsi “nur”çuluq, vəhhabilik, xəvaricilik, təkfirçilik və digər cərəyanların Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.

Eləcə də, son günlər hüquq-mühafizə orqanlarının nurçulara qarşı keçirdiyi əməliyyatların sayı artıb. Aprelin 12-də paytaxtın Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Polisin evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. Artıq Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb.

Aprelin 15-də isə “Nurçu” dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z. Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər. Göyçay polisinin həyata keçirdiyi tədbirlər nəticəsində Z. Məmmədovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur” kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.

Bir sıra məlumatlara görə, Bakıda və Göyçayda toplantı keçirənlər “nur təriqəti”nin sunqurçular qoluna məxsus şəxslər olub.


“Sunqurçular cərəyanı”

Nurçuluq təriqətində fərqlər var. Onların arasında bu gün ən geniş yayılanı Fətullah Gülən camaatıdır. Ancaq digər nurçular- sunqurçular, okurçular, yeni asırçılar var ki, onlar Güləni və o camaatı nurçu olaraq qəbul eləmirlər. Sunqurçuluğun əsası isə 1929-cu ildə Türkiyənin Eflani bölgəsində dünyaya gəlmiş və müəllimliklə məşğul olan Mustafa Sunqur Kastamonu tərəfindən qoyulub. Səid Nursi ilə tanış olan M. Sunqur onun ən yaxın köməkçisi və silahdaşı olub. “Nur tələbələri” arasında baş verən bölünmədən sonra Mustafa Sunqurun rəhbərlik etdiyi “Sözlər” qrupu yaranıb. Ayrıca bir camaat kimi formalaşan “Sözlər” qrupu eyni zamanda “Mustafa Sunqur camaatı” və ya sadəcə “sunqurçular” kimi də tanınır. Mustafa Sunqur bir neçə dəfə Azərbaycana da gəlib.

“Fırınçı Mehmet” kimdir?

Göyçayda saxlanılanlar arasında adı çəkilən “Fırıncı” ləqəbli Mehmet Nuri Güleç də sunqurçular cərəyanına yaxınlığı ilə tanınır. Mehmet Fırıncı 1928-ci ildə Türkiyənin İnegöl şəhərinin Yenice Müslim kəndində anadan olub. Ailəsi ilə birlikdə İstanbula köçüb və ailəliklə çörəkçi olduqları üçün ona indinin özündə də “Fırıncı abi” deyilir. O, 1946-cı ildə “nurçuluq” təriqətinə qoşulur və 1950-1960-cı illərdə şəxsən Səid Nursinin yanında xidmət edib. 1953-cü ildə Səid Nursini öz evində üç ay qonaq edib. Daha çox İstanbulda “Risaleyi Nur” kitabının nəşri və paylanması işlərilə məşğul olub. Hazırda İstanbul Elm və Mədəniyyət Vəqfi idarə heyətinin sədridir.

“Sunqurçular”la “Gülən camaatı” arasında intriqaların olması ilə bağlı yazılar Türkiyə mediasında zaman-zaman yer alıb. Hətta Fətullah Gülənlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında başlanan “müharibə” bu cərəyan üzvləri tərəfindən birmənalı qarşılanmayıb.

“Kirayəsi 5-10 min manat olan ofislər tuturlar”

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli açıqlamasında bildirib ki, bu gün Azərbaycana ayaq açan təriqətlərin əli ilə ölkənin milli maraqlarını təhlükəyə atırlar. Onun sözlərinə görə, bu məmləkətdə məzhəblərarası münasibətlərin pozulmasına da rəvac verən güclər fəaliyyət göstərir: “Bakının ən gözəl yerlərində kirayəsi 5-10 min manat olan ofislər tuturlar. Ölkəni bu qədər məzhəbin poliqonuna çevirməyə nə ehtiyac var? Azərbaycanda əsrlərdir ki, sünni- şiə ayrıseçkiliyi olmayıb. Lakin bu gün yad, zərərli məzhəb və düşüncələri ölkəmizə gətirərək gənclərimizə təbliğ edənlərə dəstək olan milli dönüklərimizin olması xalqımızın birliyinə hər an təhlükədir”.

C. Əzimbəyli bildirib ki, Azərbaycanda da “nurçu” adı ilə hansısa radikal-ekstremist cərəyanların fəaliyyət göstərdiyi istisna deyil: “Fərq etməz, kim olursa-olsun, ideoloji baxımdan Azərbaycanın dövlət marağı ilə uzlaşmayan istənilən fəaliyyətə qarşı barışmaz mübarizə aparılmalıdır. Biz ən təhlükəli olan vəhabizmi də yaddan çıxarmamalıyıq. Məndə olan məlumata görə, artıq Göyçayda və Xaçmazda ayrı-ayrı ekstremist dini cərəyanlar dövlətin əleyhinə birgə qərarlar qəbul edirlər. Hesab edirəm ki, bunların qarşısını almaq üçün dövlət hərəkətə keçməlidir. Belə qüvvələrin zərərsizləşdirilməsi mövsümi xarakter daşımamalıdır. Biz faciənin astanasındayıq. Görün vəziyyət nə həddə çatıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə göstərdiyi uğurlu fəaliyyətə çəkinmədən mane olan qüvvələr peyda olub”.

“Rayonda nurçuların asfalt zavodu var”

Hüquq müdafiəçisi Vidadi İsgəndərli bildirib ki, Göyçayda gənclərə pul verib nurçuluğa cəlb edirlər. Onun fikrincə, əhalinin yarıya qədəri bu təriqətə qulluq edir: “Türklərin rayonda bir-iki zavodu var. Orada işə düzəlmək üçün insanlar asanlıqla nurçu olurlar”.

V. İsgəndərli qeyd edib ki, yerli sakinlər Türkiyə vətəndaşlarına məxsus zavodlarda, ancaq aşağı vəzifələrə götürülürlər: “Rəhbər vəzifələrdə Türkiyə nurçularıdır. Məgər Göyçayda kadr yoxdur ki, orada çalışsın? Rayonda nurçuların asfalt zavodu var. Demək olar ki, bütün işçilər Türkiyədən gətirilib. Göyçay çayını Qəbələyə qədər pis hala salıblar. Çaydakı daşı-qumu daşıyıb aparırlar. Hətta Fövqəladə Hallar Nazirliyi onları cərimələyib və burada fəaliyyət göstərən bir neçə karxana bağlanıb”.


Hüquq müdafiəçisi vurğulayıb ki, o, hazırda Göyçaydadır və nurçulara məxsus olduğu bildirilən zavodun fəaliyyətilə maraqlanır: “Aidiyyəti qurumlara müraciət edəcəyəm ki, bu zavodun fəaliyyətini araşdırsınlar”.

“Bu təriqətlərin daxili şəbəkələşmə sistemi mövcuddur”

“Məşədi Dadaş” dini icmasının rəhbəri Hacı Şahin Həsənli bildirib ki, sakinlərinin böyük əksəriyyəti sünni təriqətinə mənsub olduğundan nurçular məhz Göyçayı seçiblər. Onun sözlərinə görə, ümumiyyətlə, Göyçayın dini mənzərəsi rəngarəngdir: “Orada ənənəvi sünni və şiə təriqətlərilə yanaşı, nurçuluq və vəhhabilik də yayılıb. Yəni rayonda qeyri-ənənəvi təriqətlərin meydana çıxması üçün şərait mövcuddur. Nurçuluq və vəhhabilik ənənəvi məzhəblər arasındakı tarazlığı pozur. Elə onların məqsədləri də odur ki, bu tarazlığı pozsunlar”.

Ş. Həsənli Göyçayda polisin nurçulara qarşı əməliyyat keçirməsini təqdir edir: “Bu cür təriqətlərə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə aparmaq lazımdır. Məndə daha əvvəldən də məlumat var idi ki, Göyçayda nurçu, vəhhabi təriqətlərinə məxsus şəxslər var. Bu təriqətlərin daxili şəbəkələşmə sistemi mövcuddur. Məsələn, nurçular təhsil, media, biznes strukturlarında təmsil olunmaqla, bir-birinə dəstək nümayiş etdirirlər. Biz Türkiyədə də bunun şahidi oluruq. Mümkündür ki, nurçuların Göyçayda biznes şəbəkəsi olsun. İnsanları pulla təriqətə qoşmaq kimi faktlar da mövcuddur. Onlar rayondakı dini durumdan öz maraqları üçün istifadə edirlər”.

BƏXTİYAR


Müəllif: