22 May 2014 16:06
665

“Onlar hərdən həddən artıq çılpaqlığı ilə yazırlar”

Azərbaycan Bütövlüyü uğurunda Cəmiyyət “Poeziya sahəsində ədəbi cərəyanların təsnifatlaşması və onların yeri” mövzusunda dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Məlahət Xəlilova açıb: “Postmodernizm poeziyaya gətirildikdən sonra yazılan bir sıra şeirlərdə küçə dilindən istifadə edilir. XX əsrin əvvəllərində İtaliyada bu tip şeirlərdən istifadə olunurdu. Özlərini “futuristlər” adlandıran bu tip şairlər poeziyaya gətirdikləri yeni dillə Mussolininin hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi. 1917-ci il inqilabından sonra Rusiyada da belələrinə üstünlük verildi. Lakin Mayokovskinin ölümündən sonra “futurist”lər öz təsirlərini itirdilər. Futurizmin poeziyaya gətirilməsilə, şeirlərdə ənənəvi qaydalar ləğv edilir. Ölçü və əxlaq ölçülərindən imtina edilir. Onlar daha çox sərbəst şeirlərə üstünlük verirlər. Poeziyada etik dəyərlərə zərbə vuran cərəyanları inkişaf etdirmək əvəzinə humanizm prinsiplərinə əsaslanmalıdır”.

Daha sonra şairə Nəcibə İlkin və yazıçı Əyyub Qiyas çıxış ediblər. Əyyub Qiyas “SSRİ dağılandan sonra incəsənətin bir çox sahələrində böyük axın yarandı. Bunun qarşısını almaq qeyri-mümkündür. Bəzi tənqidçilər və qələm dostlarımız tez-tez çox qəddarcasına deyirlər ki, Sovet dönəmindəki bütün ədəbiyyatı yandırmaq lazımdır. Bununla qətiyyən razılaşmaq olmaz.

Çünki o dövrdə çox gözəl əsərlər yazılıb. Müstəqillik illərində yaranan ədəbiyyatımız isə daha çox Avropaya istiqamətləndi. Gənc yazıçılar dərk etmədi ki, postmodernizm deyiləndə onun hansı tərəfindən yapışmaq lazımdır. Bunun nəticəsində də daha çox qeyri-etik, boz, bulvar ədəbiyyatı yaranmağa başladı. Bəzən bizim qadın yazarlarımız hərdən çılpaqlığı ilə hekayələr yazırlar. Bunların ədəbiyyata dəxli olmasa da onlar öz ədəbi çevrələri olduğuna görə tanınırlar. Ancaq bu gün baxsaq görərik ki, həmin ədəbi qurumlar öz istəklərinə çata bilmədilər”.

Rövşən DANYERİ


Müəllif: