22 May 2014 17:37
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gördüyü işlərdən danışıb.

O, şuranın təşəbbüsü ilə Milli Məclisdə “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq” haqqında qanunların qəbul edildiyini bildirib.

A.Quliyev Milli Məclisdə üzvü olduğu “hüquq siyasəti və dövlət quruculuğu” komitəsində Aİ ilə Azərbaycan arasında imzalanmış “Readmissiya” sazişinin ratfikasiyası məsələsinin MM-in iclasının gündəliyinə salınması haqqında qərar qəbul olunduğunu qeyd edib.

Səfir M.Mard Azərbaycanda çalışmağından məmnunluğunu bildirərək “Readmissiya” sazişinin imzalanmasının Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Aİ-nın Azərbaycandakı nümayəndəliyi üçün hazırda ölkəmizdə təhsilin inkişafı, qanunun aliliyinin təminatı və regionların inkişafının pioritet sahə olduğunu qeyd edən səfir hər üç istiqamət üzrə vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığı vacib hesab etdiklərini qeyd edib.

M.Mard eyni zamanda Aİ-nin ölkəmizdə vətəndaş təşəbbüskarlığının dəstəklənməsi və QHT-lərin yaradılması və inkişafının stimullaşdırılmasına da önəm verdiklərini vurğulayıb.

Şura sədri Bakıda və regionlarda QHT-lər üçün Resurs və Təlim Mərkəzlərinin yaradılması, şuranın təhlil və inkişaf bölməsinin işinin təşkili, ölkə QHT-ləri üçün beynəlxalq standartların hazırlanması, qarşılıqlı maraq doğuran sahələrdə birgə qrant müsabiqələrinin həyata keçirilməsində əməkdaşlıq edə biləcəklərini deyib.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd olunan istiqamətlər üzrə şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinədə toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif: