23 May 2014 12:23
517

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə imtahan nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında TQDK sədri deyib ki, I qrup üzrə 1997 nəfər imtahan verib və onların 90%-i 150-dən aşağı bal toplayıb. IV qrup üzrə 4558 nəfər imtahan verib. Onlardan 90%-i 100 baldan aşağı nəticə göstərib: “IV qrupda iki kontingent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki, onlara 100 bal lazımdır”.

Yüksək bal toplayanlara gəlincə isə Məleykə Abbazadə bildirib ki, I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhər məzunudur: “Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib.

Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 4625 bal toplayıb. IV ixtisas qrupunda imtahan verən məzunlardan biri 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub.

Bu il 612 bal yığan digər bir abituriyent ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə 431, 2013-cü ildə 406 bal toplayıb.

600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-ci il məzunudur və həmin il 468 bal toplayıb. İmtahanda 100 baldan aşağı nəticə göstərən abituriyentlərin 50 faizi 50 baldan aşağı nəticə göstərib”.


Müəllif: