23 May 2014 17:59
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suraxanı rayonundakı 7 saylı internat məktəbində xəsarət alan Nahid Cavadovla bağlı mən mütəxəssislərlə də danışmışam. Onlar da bildirib ki, uşaq döyülüb, yıxılma zamanı o cür xəsarət olmur.

Yəqin ki, bu məsələyə hüquq-mühafizə orqanları obyektiv qiymət verəcək. Amma məsələ burasındadır ki, işgəncəyə məruz qalan uşaq ortalıqda alətə çevrilib”.

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Teleqraf.com-a bildirib. Onun fikrincə, qapalı müəssisələrdə uşaqlar müdafiəsizliyi faktı mövcuddur: “Bu cür uşaqlar həssas qruplara daxil olan ailələrdir. Ailələrdə də, uşaqlarda da problemlər olur. İstər əqli cəhətdən, istər fiziki cəhətdən qüsurlu uşaqlar, istərsə də normal kimsəsiz uşaqlar olsun, onların müdafiəsi sistemi çox zəifdir.

Onun sözlərinə görə, uşaq qərəzli şəkildə xəsarət də yetirilə bilər: “Uşağın müdafiəsiz olması bu qərəzli proseslərdə istifadə olunur. Bu gün təşkilat olaraq mən o müəssisəyə getsəm, əllərində olan əsasnamələrini, nizamnamələrini əsas gətirib məni ora buraxmayacaqlar. Ona gör də Uşaq Hüquqları QHT Alyansı tərəfindən Təhsil Nazirliyinə təklif etmişik ki, müstəqil araşdırma üçün monitorinq qrupu yaradılsın”.

Təşkilat sədri bildirir ki, əslində icra hakimiyyətinin qəyyum komissiyası uşağın təcrid olunması məsələsini tələb etməliydi. Uşaq zorakılığa məruz qalmış reabilitasiya mərkəzində, yaxud digər bir sığınacağa qoyulmalıydı və onunla sosial işçi, psixoloq, psixiatr işləməli idi: “Bu günləri bizim bu sistemimiz yoxdur. Bu cür halların qarşısının alınma mexanizmi bizdə yoxdur. Uşaq tam təcrid olunmasa, bu məsələnin də tam araşdırılması mümkün olmayacaq”.

Qeyd edək ki, sözügedən məktəbdə ötən ay bir qrup müəllim aksiya keçirərək, məktəbin direktoru Afaqət Əsgərovanın istefasını tələb etmişdi. Onların tələbinə səbəb isə Afaq adlı müəllim rəfiqələrinin direktor tərəfindən işdən azad edilməsi olmuşdu. Təhsil Nazirliyi isə məhkəmə yolu ilə Afaq müəllimənin işinə bərpa oluna biləcəyini bildirmişdi. Nahid Cavadovun döyülməsində ilk olaraq Gülya adlı müəllimənin adı çəkilsə də, sonradan uşağı Afaq adlı müəllimənin döyməsi fikri səsləndi. Bütün bunlar isə Kəmalə Ağazadənin ehtimalının doğruluğuna əsas verir.

SEVİL


Müəllif: