1 İyul 2015 08:24

İyunun 30-da Tbilisidə görkəmli ədib, mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin anım günü keçirilib.

Gürcüstanda yaşayan, yazıb yaradan bir qrup azərbaycanlı və gürcü ziyalı, yazıçı və şair Tbilisidəki Botanika bağına gələrək böyük ədibin məzarı önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Gürcüstan İctimai Televiziyasının əməkdaşı, tərcüməçi, tədqiqatçı–jurnalist Mirzə Məmmədoğlu (Maşov) Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından danışıb.

Sonra Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, yazıçı-jurnalist Nizami Məmmədzadə, tərcüməçi-şair Allahverdi Təkləli və başqaları çıxış edərək ədiblə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, yaradıcılığa gənc yaşlarından maraq göstərən Mirzə Fətəlinin ilk əsəri mətbuatda 1837-ci ildə fars dilində çap olunub. Əsasən Səbuhi təxəllüsü ilə yazan ədibin ilk dram əsəri “Hekayəti Molla İbrahimxəlil kimyagər” olub. Ədəbiyyatımızda remarkadan ilk istifadə edən ədibin ən böyük əsəri “Hacı Qara” komediyasıdır. 1868-ci ildə Tbilisidə çap olunmuş ilk əlifba kitabının müəllifi də Mirzə Fətəli Axundzadə olub.

Mətbuata da geniş maraq göstərən M.F.Axundzadə “Əkinçi” qəzetində “Vəkili-milləti-naməlum” təxəllüsü
ilə çıxış edib və bir sıra maarifləndirici məqalələr yazıb.

Tədbirdə M.F.Axundzadə ilə bağlı maraqlı hekayələr söylənilib.

Çıxışlarda M.F.Axundzadə mükafatının təsis olunması, maraqlı məqalə, araşdırma və tərcümə müəllifləri arasında müsabiqələrin keçirilməsi, qaliblərin M.F.Axundzadə mükafatı ilə təltif olunması barədə təkliflər səslənib. Təkliflər müsbət qarşılanıb və mükafatın təsis olunması yekdilliklə dəstəklənib.


Müəllif:
Загрузка...