2 İyul 2015 12:49

Təhsil Problemləri İnstitutu (TPİ) təhsil işçiləri üçün “Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda Azərbaycan Dillər Universitetinin akt zalında beynəlxalq seminar təşkil edib.

TPİ beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, təhsil işçilərinin iştirakı ilə keçirilən seminarda institutun direktoru Qulu Novruzov bildirib ki, Təhsilin inkişafı üzrə strategiyanın Fəaliyyət Planına uyğun olaraq institut şəxsiyyətin formalaşması ilə əlaqədar beynəlxalq təcrübədən faydalanaraq müəlimlərin peşəkarlıqlarında yeniliklər etmək niyyətindədir.

Seminarın aparıcılarından olan Danimarkanın Kopenhagen şəhərində yerləşən ESSE İnstitutunun direktoru Marianna Meyer, direktorun müavini Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrix çıxış ediblər.

Marianna Meyer bildirib ki, 1987-ci ildə Danimarkanın Kopenhagen şəhərində yaradılmış ESSE İnstitutunun əsas fəaliyyəti müəllim hazırlığı ilə bağlıdır və institutda müəllimlər və tərbiyəçilər üçün mənəvi-əxlaqi dəyərlərin tədrisinə əsaslanan treninqlər, seminarlar keçirilir. Bir çox Avropa ölkələrində bu sahə üzrə ixtisaslaşan müəllim və təlimçilər yetişdirdiklərini, 1992-ci ildən başlayaraq ESSE İnstitutunun təlimçiləri Avropa, həmçinin MDB ölkələrinin müəllimləri, təlimçiləri ilə görüşlər keçirdiklərini vurğulayıb.

Məlumat üçün bildirək ki, ARTP-nin təşkilatçlığı ilə keçirilən beynəlxalq seminar iyulun 1-dən 4-nə qədər keçiriləcək.


Sevil


Müəllif:
Загрузка...