4 İyul 2015 17:26

Bu günlərdə Rəşad Məcidin "O" adlı şeirlər kitabı İtaliyanın Milan şəhərində, italyanca çapdan çıxıb.

Bunu Teleqraf.com-a açıqlamasında müəllif özü deyib. Onun sözlərinə görə, kitabda son illərdə yazılan şeirlər yer alıb: "Bilirsiniz ki, bu il mənim "Bir də gəlməyəcək" adlı şeirlər kitabım çıxdı. Orada son illərdə yazılan şeirlər yer alır. "Bir də gəlməyəcək" adlı məşhur şeirə bəstələnən mahnını da Xumar Qədimova oxuyub. Yeni şeirlərdən ibarət "O" kitabım da italyan dilində nəşr olunub. Kitabın adı təsadüfi seçilməyib. Ad kitabın içində yer alan "O" şeirindən götürülüb. Şeirləri italyan dilinə Azərbaycanın dostu, italiyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Vladimir Delman adına xorun bədii rəhbəri, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib. Davide Qualtieri Azərbaycanın yaxın dostudur, Bakıda da olub. O, Azərbaycan şairlərinin şeirlərini də italyan dilinə tərcümə edib. Biz ötən il İtaliyada həmin kitabın təqdimatında olduq və xalq şairi Fikrət Qocanın şeirlərindən ibarət çox gözəl kompozisiya da hazırlanmışdı. "O" şeirlər kitabında şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb".

Qeyd edək ki, kitab Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi "Körpü salırıq" şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.

Məlumat üçün bildirək ki, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11-12 iyul tarixlərində Milan şəhərində sözügedən kitabın təqdimatını təşkil edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də dəstəklədiyi bu tədbirlər 11 iyulda Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında, 12 iyulda isə Milanın Palazzo Marino kitabın təqdimatı konfrans zalında keçiriləcək.

Tədbirlərə Azərbaycanın İtaliyadakı səfirliyi ilə bərabər həm də Milan Konservatoriyasının tələbələri, İtaliyada yaşayan həmyerlilərimiz, ali məktəblərin professor heyəti, sənət adamları o cümlədən yazıçı və şairlər Mədəniyyət üzrə Milan Bələdiyyəsindən rəhbər heyəti də dəvət edilib. Eyni zamanda Azərbaycandan da nümayəndə heyəti - xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu tədbirə qatılacaqlar.

Nərmin


Müəllif:
Загрузка...