8 İyul 2015 23:55
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində Heydər Əliyev adına Neft Emalı Zavodunda olacaqlar.

BANM-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, zavodda 53 nəfər tələbəsi istehsalat təcrübəsi keçəcək, onlardan 25 nəfər III kurs tələbəsi isə, 2 ay müddətində ödənişli əsaslarla sözügedən müəssisədə təcrübə keçəcək.

Bununla bağlı keçirilən tədbirdə rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə BANM-in tələbələri də iştirak ediblər. Tədbirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun tarixindən bəhs edən qısa film nümayiş olunub. Giriş sözü ilə çıxış edən zavodun baş direktoru Elman İsmayılov Bakı Ali Neft Məktəbinin rəhbərliyini və tələbələrini görməkdən məmnun olduğunu bildirib. Elman İsmayılov bu təcrübənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, neftçi peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib. Elman İsmayılov BANM –in tələbələrinin gələcəkdə yüksək ixtisaslı peşəkar kadrlar kimi zavodun fəaliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib. O, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun Azərbaycan sənayesinin tarixində böyük rolu olduğunu deyib. O, bu zavodun SOCAR üçün əhəmiyyətli bir müəssisə olduğunu bildirib. Elmar Qasımov deyib ki, tələbələr əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklər. O, tələbələrin bu zavodda təcrübə zamanı öyrəndikləri biliklərin gələcəkdə onların yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına böyük təkan verəcəyini vurğulayıb. Rektor yaradılan şəraitə görə SOCAR rəhbərliyinə, o cümlədən zavodun rəhbərliyinə təşəkkür edib və tələbələrə təcrübə müddətində məsuliyyətli olmağı tövsiyə edərək onlara uğurlar arzulayıb.

Naibə QURBANOVA


Müəllif: