9 İyul 2015 11:40
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 8 zona üzrə toksikoloji laboratoriyalar yaradılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov aparılmış yoxlamalar barədə açıqlama verib. Onun sözlərinə görə, əhali iyunun əvvəlindən iyulun 20-dək olan müddətdə qarpızdan istifadə edərkən ehtiyatlı olmalıdırlar.

Qarpızlarda nitratın artıq olduğu aşkarlanıb

Yaqub İbrahimov deyib ki, 1 kiloqramlıq qarpızın tərkibində nitratın miqdarı 60 milliqramdan, yemişdə isə 90 milliqramdan artıq olduqda zəhərlənmə riski artır.

Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək bəzi bazarlarda satışa çıxarılan qarpızlarda nitratın miqdarının artıq olduğu aşkarlanıb və həmin məhsullar satışdan çıxarılıb. Yol kənarlarında satılan qarpız-yemişlərə gəldikdə, Yaqub İbrahimov deyib ki, onların tərkibini yoxlamadıqlarından fikir söyləyə bilməz, çünki onlara nəzarət imkanı məhduddur.

Yaqub İbrahimov deyib ki, Azərbaycanda yetişdirilən bütün tərəvəz və meyvələrin tərkibini elə əkin sahələrində yoxlayan laborator şərait yaradılacaq.

Bu istiqamətdə işlərə başlandığını deyən Yaqub İbrahimovun sözlərinə görə, 8 zona üzrə toksikoloji laboratoriyalar tikilir və onların 3-ü artıq hazırdır. Hazırda bu istiqamətdə səyyar laboratoriyaların fəaliyyət göstərir, həmin avtomobillərlə ərazilərdə məsulları yoxlamaq olur: “Amma bu işin ən yaxşı nəticəsi zona laboratoriyalarının yaradılmasıdır. Zona Toksikoloji Laboratoriyaların tikilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək. Nəzərdə tutulub ki, məhsul birbaşa sahədən götürülsün, analiz olunub sonra bazara göndərilsin. Təbii ki, məhsulun tərkibini birbaşa sahədə yoxlamaq ən yaxşı nəticədir”.

Laborator müayinələrin ölkənin bütün bölgələrini əhatə edəcəyini deyən Yaqub İbrahimov laboratoriyaların yaxın zamanlarda fəaliyyətə başlayacağını vurğulayıb: “Bütün mövsümlərdə meyvə və tərəvəzlərin tərkibini yoxlamaq mümkün olacaq”.

Məhsul bazarda yox, bostanda, tarlada analiz edilsin

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov belə laborator müayinələrin aparılması vacibliyini bir müddət əvvəl qəzetimizə açqılamasında bildirmişdi. Onun sözlərinə görə, meyvə-tərəvəzlərin tərkibindəki kimyəvi maddələrin yolverilən həddə olmasını yoxlamaq üçün analizlər bu məhsullar bazarlara daxil olmadan, bostanda, tarlada, fermer təsərrüfatındaca aparılmalıdır.

Mütəxəssis qeyd etmişdi ki, fiziki baxımdan bazarlara daxil olan bütün məhsulların tərkibini analiz etmək mümkün deyil, amma qarpızın, yemişin təhlükəsizliyi baxımından fermerlər yerli orqanlara müraciət etsə, həmin orqanlar da onlara məxsus bostanlarda müvafiq müayinələr apararaq obyektiv rəy versə, proses bu qədər qəlizləşməz.

Vahid Məhərrəmovun fikrincə, İrandan, Türkiyədən gətirilən məhsullar da gömrükdən keçməzdən əvvəl analiz olunmalı və onlara müvafiq sertifikat verilməlidir.

Bütün rayonlarda toksikoloji laboratoriya yaradılsın

Bakı Dövlət Universitetinin professoru, Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov hesab edir ki, belə mərkəzlərin sayı 8 yox, daha çox olmalıdır: “Azərbaycan 10 iqtisadi rayonu var ki, onun 2-si Qarabağ zonasında olduğu üçün ola bilər, orada toksikoloji laboratoriya yaradılması nəzərdə tutulmasın. Amma elə iqtisadi rayonlar var ki, ərazi baxımından çox böyükdür. Məsələn, Kür-Araz rayonunda 18 inzibati rayon var - Ağdaş, Kürdəmir, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala və sair. Bu aran rayonlarının hamısında belə mərkəzlər fəaliyyət göstərməlidir. Çünki kənd təsərrüfatı rayonları olaraq o ərazilərdə bostan məhsulları, meyvə-tərəvəz, dənli bitkilər, texniki bitkilər çox yetişdirilir.

Ümumiyyətlə, bitkiçilik və heyvandarlıq məhsulu istehsalının hamısının toksikoloji analizi ciddi aparılmalıdır. Azərbaycanda 68 inzibati rayon var. Ona görə də belə laborator mərkəzlərin bütün rayonlarda yaradılması daha məqsədəuyğun olardı. Millətin genefondunun sağlam olması daha çox qidamızdan asılıdırŞ Bunun üçün də ərzaq təhlükəsizliyinə nəzarət başlıca amildir".

Nəzarətçi qurumu təsərrüfata buraxmırlar

Belə mərkəzləri təqdir edən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin fikrincə isə, bu prosesin asanlaşdırlıması üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır: “Hazırda fermer təsərrüfatına nəzarət edə biləcək orqanı təsərrüfat sahəsinə buraxmırlar. Halbuki marketlərə çıxan bütün meyvə-tərəvəzin tərkibi bəlli deyil. Bakı kəndlərinin hamısı parnik xiyar-pomidoru əkir və marketlərə paylanır. Kim onları yoxlayır?

Lap tutaq ki, marketdə yoxlama aparıldı, 10-15 kiloqram pomidorda zərərli maddə tapıldı, bu məhsulun qalan hissəsini haradan tapmaq olar? Ona görə məhsulun tarladan, bostandan çıxan yerdə yoxlanması vacibdir. Məhsulun becərilmə vaxtı torpağın qorunması, bitkinin yetişdirilməsi prosesi nəzarətdə olmalıdır.

Hazırda ekoloji vəziyyət elədir ki, fermer kimyəvi maddələrdən istifadə etmədən bitki yetişdirə bilməz, amma bunlar elə konsentrasiyada olmalıdır ki, yolverilən həddi aşmasın".

Hazırda bitkilərə vurulan kimyəvi preparatların, xüsusən pestisidlərin tərkibinin çox sürətlə dəyişdiyini deyən RGEM rəsmisinin sözlərinə görə, bütün bunlardan yalnız mütəxəssis məlumatlı ola bilər: “Fermer ondan-bundan informasiya alıb ağlına gələni edir, bu, əlbəttə doğru deyil. Ona görə də bu işin nəzarətedici orqan tərəfindən yerinə yetirilməsi üçün qanunvericilikdə dəyişiklik edilməlidir. O zaman yetişdirilən məhsulun tərkibindəki kimyəvi maddə normal olar, həm keyfiyyətli məhsul yetişər, həm də bu cür laboratoriyaların işi çox olmaz. Qarpızı ”Kamaz"a yükləyib, gətirib Bakıda 40 yerə paylayanda bunun analizini çatdırmaq mümkün deyil axı".

Aqronomlara ehtiyac var

Analiz edilən məhsulların tərkibi haqqında verilmiş arayışın obyektivliyinə gəlincə, İmran Abdullayev dedi ki, bu, məsələnin hüquqi tərəfidir: “Söhbət ondan getmir ki, nəzarətedici orqan gəlib bir günə bostanda analizini aparıb getsin. Mən təklif edirəm ki, becərilmə prosesi bütövlükdə nəzarətdə saxlansın. Sovet dövründə aqronomlar vardı, kolxoz, sovxoz təsərrüfatına nəzarət edirdi. Hazırda belə kadrlar yoxdur.

Əgər nəzarətedici orqanın, yaxud səlahiyyətli şəxsin istehsal prosesinə nəzarəti təmin olunsa, o zaman fermer özü keyfiyyətdə maraqlı olacaq və mütəxəssislə işləyəcək. Çünki aqronomun fermerə tövsiyəsi onun keyfiyyətli, bol məhsul istehsal etməsinə yalnız yardımçı ola bilər.

Burada daha hansı subyektivlikdən söhbət gedəcək? Əhalinin sağlamlığının qorunması üçün bu prosedurlar həyata keçirilməlidir. Bütün dünyada bu praktikadan istifadə edilir, bizdə də buna nail olunsa, əhalidə yerli meyvə-tərəvəzin tərkibinin normal ilmasından dən əminlik yaranar".

Sevil Hilalqızı


Müəllif: