10 İyul 2015 01:25
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar arxeologiya sahəsində dünyada və Azərbaycanda aparılan geniş tədqiqat, mühafizə və təbliğat işləri bu sahəyə nəinki peşəkarları, eləcə də həvəskarları və turistləri cəlb edir. Bu məqsədlə arxeoloqlar məxsusi günlərini müəyyənləşdiriblər. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası ötən il bu aksiyaya qoşulub.

İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, Arxeologiya Gününün iyulun 24-də da keçirilməsi nəzərdə tutulub. “MİRAS” İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası bu məqsədlə iyulun 24-25-də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində Ağsu Arxeologiya Festivalı keçirməyi planlaşdırır. Festivalda peşəkar arxeoloqlarla yanaşı, həvəskarların və turistlərin də iştirakı gözlənilir.

Festival çərçivəsində rəmzi olaraq arxeoloji qazıntıda, bilik yarışlarında iştirak, sərgi-yarmarkaya baxış, tanınmış arxeoloqlarla görüşlər, musiqi və rəqs proqramlarının təşkili nəzərdə tutulur.

Arxeologiya ilə bağlı təklif və təşəbbüslərlə çıxış edən müxtəlif sahələr üzrə mütəxəssislər, müəssisələr, mədəniyyət ocaqları və turizm şirkətləri festivala dəvət olunurlar.

Ətraflı məlumatı “MİRAS” İctimai Birliyinin http://miras.az səhifəsindən əldə etmək mümkündür.


Müəllif: