10 İyul 2015 18:32
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 7-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi" ni gətirməlidirlər.


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.


İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 24074 nəfəri (I qrup üzrə 19959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15809nəfəri (I qrup üzrə 13990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11111 nəfəri (I qrup üzrə 8391 nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.


İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaqdır.


Müəllif: