12 İyul 2015 20:53
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış publisist Günter Noyman Sürixdə alman dilində çıxan “Neue Zürcher Zeitung” qəzetində dərc olunmuş “Birinci dərəcəli soyqırımı, ikinci dərəcəli soyqırımı” sərlövhəli məqaləsində soyqırımı məsələsində Avropanın ikili standartlar mövqe tutmasından bəhs edir.

“Avropa öz müstəmləkə tarixinin kütləvi cinayətlərini tanımaqda davam etməlidir”, - deyən G.Noyman 1904-1908-ci illərdə Namibiyada alman qoşunlarının gerrero və namakva xalqlarını kütləvi surətdə qırmasından danışır və bunu soyqırımı adlandırır. Gerreroların, o cümlədən qadınların və uşaqların öldürülməsi barədə komandir Lotar fon Trotun əmrindən sitat gətirərək bu etnosun üçdə iki hissəsinin qırıldığını bildirir.

Müəllif qeyd edir ki, Bonn və Berlin soyqırımını həmişə inkar ediblər və bunu əsas gətiriblər ki, BMT-nin Soyqırımına dair Konvensiyasının retrospektiv qüvvəsi yoxdur. Bu zaman o, guya BMT-nin 1948-ci ildə erməni faciəsinə istinad etdiyini təşkilatın ayağına yazmaqda səhvə yol verir. Əslində məlumdur ki, BMT-nin 1948-ci ilə aid heç bir rəsmi sənədində ermənilərə istinad olunmayıb.

G.Noyman yazır ki, gerrerolar barəsində soyqırımını tanımaq xahişi Bundestaq tərəfindən rədd edilib, amma AFR Prezidenti Yoaxim Qauk 1948-ci il termininin retrospektiv tətbiqindən çəkinməyib və ermənilərin məhrumiyyətlərini “soyqırımı” adlandırıb.

O, Almaniyanın İsrail, Polşa və Rusiya qarşısında cinayətlərini etiraf etməsini və üzr istəməsini məsləhət görmüş Namibiya xarici işlər nazirinin sözlərini misal gətirir, çünki orada söhbət afrikalılardan deyil, ağ adamlardan gedir.

G.Noyman yazır ki, bəzən öz cinayətlərini etiraf etmək çox çətin olur və o, Belçikanın Konqoda, Fransanın Əlcəzairdə, Yaponiyanın Uzaq Şərqdə müstəmləkə tarixinin qaranlıq səhifələrini xatırladır. “Hətta 2001-ci ildə əsarətin bəşəriyyətə qarşı cinayət olduğu barədə öz etirafını Nikolya Sarkozi Fransa müstəmləkəsinin Afrika üçün müsbət xarakteristikası ilə pərdələyib”, - deyən müəllif eks-prezidenti qınayır.

Bəlkə də məqalədə əsas fikir aşağıdakı cümlə ilə ifadə olunub: “Gerreroların dünya diasporu və bəlağətli nitqə malik lobbisi yoxdur, Frans Verfeldən istifadə etmiş ermənilərdən fərqli olaraq, bu faciə haqqında ədəbiyyat da yoxdur”. Əslində səbəb budur, nə üçün bu gün bütün dünya ermənilərdən danışır, amma iki Namibiya tayfasının faciəsini və hətta dinc türk əhalisinə qarşı ermənilərin özlərinin törədikləri cinayətlərdən heç kəsin xəbəri yoxdur? Səbəb lobbi və diaspordur.

“Soyqırımı adicə söz deyil, ağır nəticələr verən bir məfhumdur. Çox vaxt qurbanlar cəlladlara çevrilir və Yaxın Şərqə, Ruandaya, yaxud Dağlıq Qarabağa nəzər salsaq, burada təəccüblü bir şey olmadığını görərik. Bütün hallarda səbəb oxşarlığı var: fanatcasına komplekslilik, təhrikçilik, qisas və ya sadəcə qorxu. Məsələn, Ermənistan Azərbaycan ərazisinin dörddə bir hissəsini işğal edib və onun bir milyon sakini qaçqın və məcburi köçkünə çevrilib” , – yazan müəllif Ermənistanın özünün törətdiyi soyqırımına və onun cəllada çevrilməsinə işarə edir.

“Avropanın öz nailiyyətləri ilə qürurlanması üçün kifayət qədər əsası var. Lakin bununla belə, qarşıdakı onilliklərdə övladlarımıza şən bayramlar əvəzinə düşünməyə əsas verəcək hələ çox “yüzillik yubileylər” olacaq”, - deyən G.Noyman almanlara XX əsrin ilk soyqırımı olan gerrerolara qarşı cinayətləri etiraf etməyi təklif edir.


Müəllif: