15 İyul 2015 15:19

Müəllimlərin işə qəbulu üzrə 23 mindən çox müraciət edilib, 20 mindən çox ərizə qəbul olunub.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 15-i saat 24.00-dək aparılacaq. Müsabiqənin birinci mərhələsi, yəni test imtahanları iyulun 20-dən 26-dək keçiriləcək. Müvafiq olaraq, testdən keçənlərin müsahibə mərhələsi isə iyulun 28-dən avqustun 2-dək davam edəcək.

Müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Bu yerlərin 90 faizi Azərbaycan bölməsinin, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhərləri, 85 faizi rayonları əhatə edir. Bakı üzrə vakansiyaların sayı 446, Cəlilabadda 211, Lerikdə 201, Qubada 183-dür.

Vakant yerlərin təxminən 45 faizi kimya, biologiya, fizika və coğrafiya fənlərini əhatə edir. Vakansiyalar kimya üzrə 446, biologiya üzrə 387, fizika üzrə 350, coğrafiya üzrə isə 328 yerdir. Vakansiyalardan 2363 yerə həvəsləndirmə tədbirləri tətbiq olunur, 1098 vakant yer şəhər və qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq edilmir.

Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az saytından “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

Hər bir namizəd ixtisası üzrə ən çoxu səkkiz vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 48 və daha çoxuna düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 36 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.


İşə qəbul üzrə müsabiqənin birinci və ikinci mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla, namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə imtahandan dərhal sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.


Müəllif:
Загрузка...