16 İyul 2015 15:57
906

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyul 16-da Masallıda vətəndaşları qəbul edib. Qəbulda Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Qəbulda komitə sədri vətəndaşların təklif və xahişlərini dinləyib və bununla bağlı uyğun göstərişlərini verib. Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir sıra vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış alınması ilə bağlı müraciət edib. Həmçinin pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər səsləndirilib. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə də müraciətlər səslənib.

Komitə sədri vətəndaşlara bildirib ki, artıq daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilir. Eyni zamanda, respublika üzrə mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri göstərilir, regionlarda “Kütləvi çıxarış” kampaniyası keçirilir. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.

Komitə sədri həmçinin torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi, təyinatına zidd olaraq tikintilərin aparılması ilə bağlı hüquqi məsələlərə toxunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və torpaq qanunvericiliyinə zidd istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndiriləcək.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və onların müraciətlərinə baxılıb.

İLHAMƏ


Müəllif: