17 İyul 2015 16:28
572

Bu gün Müqəddəs Ramazan bayramı başa çatır. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Müsəlman ölkəsi kimi Azərbaycanda da bu bayram xüsusi qeyd edilir. Uzun illər Sovet tərkibində olduğu üçün ölkəmizdə Ramazan ənənələri bir qədər yaddan çıxsa da, insanların böyük əksəriyyəti oruc tutur.

Bəs, siyasətçilər bu bayramı necə qeyd edəcək? Siyasilərin bayram təbriki və Ramazan təəssüratlarını öyrəndik.

“Məsciddə namaz qılıb dostlarla bayramlaşacağam”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramazan ayını ilin adi ayları kimi keçirdiyini söyləyib: “Orucluğum çox asan keçdi. Hərəkətimi məhdudlaşdırmadım, çoxlu namaz qıldım, gündəlik rejimdə olduğu kimi çalışdım. Kitab üzərində işləyirəm. Bəzi adamlar oruc tutur, istiyə çıxmaq istəmir, vaxtını yatmaqla keçirir, ağır işlər görmür. Su içməyib əvəzində kondisionerin qabağında oturmaq, yatmaqla oruc olmaz. Çox adam oruc tutan adamın yanında yemək istəmir, əksinə, orucluğun ən böyük sınağı ondan ibarətdir ki, başqaları yemək yeyir, sənsə yol qırağında restoranları, bazarda meyvələri görərək oruc tutursan. Başqalarının yeyib sənin yeməməyin möminliyini göstərir”.

“Azərbaycanda Ramazan ənənələrinin bir çoxu itib”

S.Cəlaloğlu Ramazanda bayramlaşmağın yaxşı ənənə olduğunu dilə gətirib: “Məsciddə namaz qılandan sonra orucumu açıb oruc tutan dostlarımı, qohum və yaxınlarımı təbrik edəcəyəm. Türkiyədə Ramazanda hər kəs bir-biri ilə bayramlaşır. Nəvələrimə hədiyyə almışam, onlara şirniyyatlar verəcəyik. Bizdə Sovet hökuməti vaxtı bu bayram qadağan olduğuna görə ənənələrimizin bir çoxu itib. Türklərdə balacalar böyüklərin əlini öpüb pul və hədiyyələr alırlar. Bizdə Naxçıvanda Novruzda bu cür ənənə var. Yaşca kiçiklər böyüklərin görüşünə gedir. O da əvəzində böyük kimi pay göndərir. Əslində, bayramlaşmaqda məqsəd insanları Ramazanda oruc tutmağa sövq etmək deməkdir. Mən namaz qılanda 7 yaşlı nəvəm gəlib soruşur ki, mən nə vaxt namaz qılmalıyam? Deyirəm ki, hələ yaşın çatmır, gəlib baxır, səcdə edir, yorulub çıxır gedir, deyirəm gücün çatmır, çatanda sən də qılacaqsan. Baxın, Şəhriyar ”Heydərbabaya salam" şeirində bayram ənənələrini xırdalayıb, o böyüklükdə poema onun uşaqlıqdan beynində yadında qalanlardır. Ramazanda bayramlaşmağın əhəmiyyəti budur ki, bu bayram yaddan çıxmasın, uşaqların beyninə iz salsın ki, onlar hər il Ramazanı həsrətlə gözləsin, yaşları çatanda isə özləri oruc tutsun".

“İndiyədək oruc tutmadığıma görə peşmanam”

2 ildir mütəmadi olaraq oruc tutduğunu deyən S.Cəlaloğlu mədəsindəki yaraya görə əvvəllər oruc tuta bilməyib: “Bu günədək oruc tutmadığıma görə peşmanam. İndi "Qurani-Kərim"in elmi-fəlsəfi izahını yazıram. Mənə aydın olan budur ki, Quran elmi bütün bəşəri elmlərdən dəqiq və netdir, bu baxımdan indiyədək onun əmrlərini yerinə yetirmədiyimə görə peşmanlıq çəkirəm. Kimlər "Qurani-Kərim"ə barmaqarası baxır, Quran bilgisini dünya elmləri ilə müqayisə edib üstünlüyü əqli elmlərə verirlər, onlar yanılırlar. Bugünədək Quranla ziddiyyət təşkil edən bütün nəzəriyyə və elmi kəşflər sıradan çıxıb”.

ADP sədrinin sözlərinə görə, İslam alimləri dini ayinlərin əsl mahiyyətini düzgün ifadə edə bilmirlər: “Bir çox adam orucluğu nəfsə qalib gəlmək, qənaətlə əlaqələndirir. Düzdür, bu mənalar da var, amma İslam dininin bütün ayinləri insanın axirət aləmində edəcəyi şeyləri bu dünyada formal olaraq təkrarlamasından ibarətdir. Məsələn, Həcc ziyarəti axirətdə bizim Allahla görüşməyimizin bu dünyada formal olaraq təkrarlamağımız deməkdir. Orucluq öldükdən sonra dirilmə deməkdir. Günün təxminən 15-20 saatını bədənimizi öldürürük, yəni onun tələbatlarını boğuruq. İnsan öləndə də belədir, nə su içir, nə qida qəbul edir, nə öz ehtiraslarını təmin edir. Orucluqda iftarda bədənimizi dirildirik. Əslində, orucluğun əsl mahiyyəti budur, hər bir müsəlman ölüb-dirilməni məşq edir. Sadəcə, həqiqi ölüb-dirilmədə insan ölür, sonra Allah onu dirildir, orucluqdakı ölüb-dirilmədə nəfəsalma saxlandığına görə insan özünü öldürüb-dirildə bilir”.

O, orucluğun ən ciddi əhəmiyyətlərindən biri kimi qənaəti də əsas sayır: “Dünyada 1 milyard yarım müsəlman var. Bu insanlar gündə maye qəbul etmirsə, normada hər bir insan azı 2 litr maye qəbul etməlidir, belə olan halda dünyada gündə 3 milyard litr içməli suya qənaət olur. 30 gün üçün hesablasaq, 90 milyard litr su olacaq. Müsəlmanlar 1 ayda Xəzər dənizinin həcmi qədər dünya ekologiyasına xidmət edir, içməli suya qənaət edir. Bəs, qənaət olunan su hara gedir? Allahın orucluqla insanları qənaət etməyə məcbur etdiyi nemətlər ehtiyac olunan yerlərə gedir. O yerdə ki, su və ərzaq qıtdır, onsuz da su torpaqdadır, sən içmirsənsə, o su başqa yerdə mütləq çıxacaq”.

“Möminin il ərzindəki kimliyi ilə orucluqdakı kimliyi eyni deyil”

Orucluğun başqa bir fəzilətinə gəlincə, S.Cəlaloğlu hesab edir ki, hər bir insan ruhdan və bədəndən ibarətdir, adi vaxt bədənimizlə ruhumuz qarşılıqlı vəhdətdə olduğuna görə bədən ruha ağalıq edir: “Biz bədən tələbatlarını birinci ödəməyə çalışırıq. Çünki ilkin təbiətimiz vücudi tələbatlardır. Orucluqda iradəli olaraq bədən tələbatlarının qarşısını alırsan. Yəni həqiqi oruc tutan insan ruh kimi mövcud olur, çünki bədən tələbatlarından imtina edir. Onda ruhun özünün təmizlənməsi, ruhun bədən üzərində ağalığı, ruhun Allahın dediyi doğru yolda mövcudluğu təmin olunur. İstənilən möminin il ərzindəki kimliyi ilə orucluqdakı kimliyi eyni deyil. Orucluqda möminlər əsl mömin olur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu orucluğun ilk günləri susuzluğa dözümün çətin olduğunu desə də, sonrakı günlər hər şeyin normal keçdiyini deyib: “Xalqımızı Ramazan bayramı münasibətilə təbrik edirəm, insanlarımızın niyyətləri hasil, orucları, namazları, duaları qəbul olsun, millətimizə xeyirli bayram olsun. İnanırıq ki, ibadətlərimiz qəbul olunacaq. Dünyasını dəyişən şəxslərin qəbirlərini ziyarət edəcəyik”.

“Ramazandan sonra partiya fəaliyyəti aktiv frazaya keçəcək”

M.Mirəlioğlu Ramazandan sonra partiya fəaliyyətinin daha aktiv frazaya keçəcəyini bildirib: “Avqustun 1-də qurultayımızı keçirəcəyik, qurultaya qədər hazırlıq işlərimizi yekunlaşdıracağıq. Seçkidə iştirakla bağlı qərarımızı açıqlayıb dairələr üzrə namizədlərin müəyyənləşməsi prosesi başa çatacaq. Qanunun icazə verdiyi şəraitdə təbliğat-təşviqat kampaniyası aparacağıq. Demokratik seçki şəraitinin yaradılması, Seçki Məcəlləsinə dəyişikliklə bağlı məsələlər, Azərbaycanda seçkilərə münasibəti dəyişdirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

“Dualarımda xalqımız, prezidentimizlə bağlı diləklər olur”

Oruc tutan siyasilərdən biri də millət vəkili Qalib Salahzadədir. O, Ramazan ayı başlayan gündən oruc tutduğunu söyləyib: “Mən İslamın hökmlərinə ciddi əməl edən adamam. Namazımı, orucumu vaxtı-vaxtında yerinə yetirirəm. Dualarımın hamısında Azərbaycan xalqı, dövləti, cənab prezidentlə bağlı diləklərim olur. Ən böyük duam, arzum, şübhəsiz, Qarabağın azad olunması ilə bağlıdır. Qoy, Allah ölkəmizi, regionumuzu, ümumiyyətlə, dünyamızı firavan eləsin, sülh, əmin-amanlıq içərisində yaşayaq”.

Q.Salahzadə Ramazan ayında imkansız şəxslərə əl tutduğunu da söyləyib: “Bu barədə çox danışmaq istəmirəm. Sağ əlin verdiyini sol əl bilməməlidir. Xeyirxahlıq etmək, əl tutmaq hər bir vətəndaşın borcudur. Orucluq bizi nəfsimizə hakim olmağa səsləyir. Eyni zamanda, biz qarşıya qoyduğumuz məqsədə çatmaq üçün daha fəal çalışmalıyıq. Dövlət, cəmiyyət olaraq fəallığımızı artırmalıyıq. İnşallah üzümüzə gələn aylarda, illərdə xoş xəbərlər eşidərik”.

Etibar Məmmədovdan Ramazan təbriki

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Əziz soydaşlarım, Müqəddəs Ramazan bayramı münasibəti ilə Sizi təbrik edir, Allahın lütf və bərəkətinin Sizlərdən əskik olmamasını arzulayıram. On bir ayın sultanı olan Ramazan ayı insan iradəsinin öz nəfsinə qalib gəlməsinin təntənəsi, saflığa, təmizliyə, inam və inanclara, saf niyyətlərə daha sıx qovuşduğu aydır. Bu ay əsrlər uzunu bəşəriyyəti sülhə, qardaşlığa, insanlığa, barışığa, inkişafa, tərəqqiyə səsləyən müqəddəs "Qurani-Kərim"in nazil olduğu aydır. Bu ayda hər bir müsəlman bacı-qardaşımız sübhünü dualarla başlayıb, gününü dualarla, təmiz niyyətlərlə başa vurub. Ulu Tanrıya edilən həmin dualar və niyyətlər bu müqəddəs ayda dərgaha yetişər və qəbul olunar. İslam coğrafiyasında baş verən təlatümlərə, müharibə və münaqişələrə, qarşıdurmalara son qoyulması, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın sülh, əmin-amanlıq və firavanlıq içərisində yaşaması hər birimizin ən böyük arzusudur. İnanıram ki, bu istəklərimiz də gerçəkləşəcək. Sizi bir daha bayram münasibəti ilə təbrik edir, tutduğunuz Orucun və etdiyiniz dualrınızın Allah tərəfindən qəbul olunmasını, fəzilətləndirilməsini və mükafatlandırılmasını diləyirəm”.

Nərgiz


Müəllif: