17 İyul 2015 19:51
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəm Həsənov: "Vəfat etmiş şəxsin krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir"

Son günlərin müzakirə olunan mövzularından biri də əhalinin kommersiya banklarına olan borcu ilə bağlıdır. İyulun 9-da Tərtər rayonunda 23 yaşlı gəncin məhz bu səbəbdən intihar etməsi mövzunu daha da aktuallaşdırıb. Baxmayaraq ki, Mərkəzi Bank həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmadığı və ümumiyyətlə, baş verən hadisənin kreditlə əlaqəsi olmadığını bəyan etdi.

Amma kredit borcunu ödəyə bilmədiyinə görə bir müddət əvvəl də intihar faktı qeydə alınıb. Qeyd edək ki, krediti qaytarmamağa görə cinayətə və ya inzibati məsuliyyətə cəlb etmək qeyri-mümkündür. Bu, həm beynəlxalq, həm də milli qanunvericilikdən irəli gəlir.

Məsuliyyət yalnız mülki ola bilər. Bununla belə, kredit borcu olanlar intiharı seçməkdən çəkinmirlər. Problem isə bununla bitmir, çünki borc elə borcunda qalır.

Borclu dələduzların seçimi

Əvvəlcə, kredit borclularının çarə üçün intihar yolunu seçməsi səbəbinə aydınlıq gətirməyə çalışdıq. Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Denis Rzayev deyir ki, bəzi insanlarda şüuarltı şəkildə kimlərdənsə asılılıq hissi olur: "Belə insanlar çətinliklə üzləşdikdə, mübarizə aparmaqdan çəkinir, aciz olur, daim nə isə baş verə biləcəyindən qorxurlar. Kredit götürüb ödəyə bilməyən belə insanlarda isə onu ödəyə bilməyəcəyi təqdirdə, böyük bəlalara düçar olacaqları barədə qorxulu fikirlər yaranır. Onlara elə gəlir ki, pulu ödəyə bilməsələr onların ailəsinə zərbə dəyə bilər, təhqirə məruz qalarlar və sair.

Bu cür insanlar nəinki borca düşdükdə, adi bir sıxıntı ilə üzləşdikdə can qurtarmaq üçün intihar yolunu seçirlər. Burada səbəb kredit deyil, problem insanın hər hansı çətinliyə münasibətindədir. Zəif adamlar intiharı seçir".

Psixoloq deyir ki, belə insanları ətrafdakılar nəzarətsiz qoymamalıdır: "Zəif iradəli şəxslərin yaxınları o cür insanları anlamağa çalışmalıdırlar. Ailədə davranış məsələləri belə məqamlarda çox vacibdir. "Bu qədər borcu kim verəcək? Nə edəcəyik, necə edəcəyik?" kimi psixoloji suallarla elə adamları yormaq olmaz. Bu, heç nəyi həll etməyəcək, əksinə, əlavə problemlər yaradacaq".

Müsahibimiz intiharı seçən kredit borcluları içərisində dələduzların da çox olduğunu deyir: "İntiharı seçən bir qrup insanlar isə məhz dələduzlar olur ki, onlar bu yolla borcdan yayınmağa çalışır, nümayişkaranə şəkildə intihar edəcəklərini açıqlayırlar. Bu qism insanlar isə intiharı ətrafdakılara psixoloji təsir vasitəsi olaraq seçirlər. Çox vaxt nəticə intihar deyil, başqalarının həmin şəxsi xilas etməsiylə nəticələnir".

"Hər kəs özünə cavabdehdir"

Mövzu ətrafında meydana çıxan digər sual isə vəfat etmiş şəxslərin kreditini kimin ödəməli olması ilə bağlıdır. Çoxlarını narahat edən bu sualı hüquqşünas, keçmiş bank işçisi Əkrəm Həsənov cavablandırıb.
O, qeyd edib ki, kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir: "Hər kəs özünə cavabdehdir. Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz".

Hüququşünas deyib ki, vəfat etmiş borclunun krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir: "Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla".

Borcu qaytarmadıqda nə baş verə bilər?

Xatırladaq ki, hazırda ölkədə 2 milyon 434 min 759 nəfər kredit götürən şəxs (borc alan) var. Bu Mərkəzi Bankın rəsmi məlumatıdır. Amma bu şəxslərin çox az hissəsi krediti qaytara bilməyəcəyi təqdirdə onu nələr gözləyəcəyindən xəbərdardır.

Əkrəm Həsənov bildirir ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər: "Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizə ziddir. Məsuliyyətiniz yalnız mülki xarakter daşıya bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında mümkündür. Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması da qeyri-mümkün hesab olunur.

Məsələn, adınıza "kupça"lı daşınmaz əmlak və ya "texpasport"lu avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar adətən, heç buna girişmir də. Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiz.

Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də alıb nə edəcək? Satıb pulunu götürməlidir. Satanda elə siz və yaxın adamınız ala bilərsiz. Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək".

Maliyyə Ombudsmanı yaradılmalıdır

İqtisadçı-ekspret Samir Əliyev ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institutun olmadığını deyir. O, təcili olaraq Maliyyə Ombudsmanının yaradılmasını vacib sayır: "Azərbaycanda da Maliyyə Ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir.

Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir.

MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiyada fəaliyyət göstərir. Ukraynada siyasi böhran nəticəsində hələlik təşəbbüs səviyyəsində qalıb. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır".

Qanun qəbul edilməlidir

Samir Əliyev bildirir ki, digər vacib məsələ kimi "İstehlak kreditləri haqqında" Qanun qəbul edilməlidir: "Azərbaycanda isə mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələbləri bank müştərilərinə şamil edilmir. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir".

Ekspertlər və bəzi millət vəkilləri də problemdən çıxış yolu kimi kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsinin vacibliyini vurğulayırlar. Samir Əliyev deyir ki, kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsi təkcə bank sektorundan asılı deyil: "Ölkənin makroiqtisadi sabitliyindən tutmuş sahibkarlıq mühitindəki rəqabət səviyyəsi kredit faizlərinə təsir edir. Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etməklə, xərclərini optimallaşdırmaqla xərclərin azaldılması üzərində düşünməlidir".

Bununla belə, bankların sayının azaldılmasının bu istiqamətdə uğurlu ola biləcəyi istisna edilmir.

Naibə


Müəllif: