17 İyul 2015 19:38
3 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Məhərrəmov: "Sürətlə çoxalır, sürətlə hərəkət edib yayılır, digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar "

Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndləri, eləcə də Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunduğu üçün Kənd Təsərrüfatı Nazirliyi monitorinqlərə start verib.

Çəyirtkələrlə mübarizə üçün nazirlik Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (DFNX) xüsusi tapşırıqlar verib.

DFNX-nin rəisi Camal Quliyevin sözlərinə görə, iyulun 14-dən başlayaraq həmin ərazilərdə Asiya çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Bunun üçün Dövlət Xidmətində qərargah yaradılıb.

Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən gəldiyi müəyyən edilib. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşüb. Bu səbəbdən də əsasən sahil zolağı ərazilərdə müşahidə olunur. Uzaq yol və dənizə düşmələri ilə zədələnmə səbəbindən çox zəifdirlər, təbii şəkildə tələf olurlar.

Asiya çəyirtkəsinin müşahidə olunduğu ərazilərimizdə kənd təsərrüfatı əkinləri olmadığı üçün onların ciddi zərər vurması gözlənilmir. Bu növün əsasən qamışlı bataqlıq ərazilərdə yumurta qoyması nəzərə alınaraq ilk növbədə belə sahələrdə mübarizə tədbirləri aparılır.

Dövlət Xidmətindən bildirilib ki, məsələnin aktuallığı nəzərə alınaraq yerli icra nümayəndələri və bələdiyyələrin mübarizə tədbirlərinə dəstəyi çox faydalı olardı.

Çəyirtkələrə görə fövqəladə vəziyyət elan edən ölkə

Qeyd edək ki, əkin sahələrinin ən başlıca problemlərindən biri çəyirtkələrlə bağlıdır. Bu ziyanvericilər taxılı, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını belə məhv edir. Ötən il Mərakeş çəyirtkə sürülərinin əsasən aran rayonlarımızda taxıl sahələrinə ciddi zərər verməsi barədə efirlərdən mütəmadi məlumatlar səsləndirilirdi.

Ötən ilin sentyabrında çəyirtkələr Madaqaskarın paytaxtı Antananarivuya hücum çəkdiyi üçün şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. 13 milyon əhalisi olan ölkənin 60 faiz qida ehtiyatını yararsız hala salan böcəklər ölkəyə külli miqdarda ziyan vurmuşdu.

Zoologiya İnstitutu çəyirtkələri tədqiq etmir

Bir çox ölkələrin iqtisadiyyatına ciddi zərər vuran çəyirtkələrin Azərbaycanda da yayılması narahatlıq yaradır. Bu cücülərə qarşı hansı mübarizə tədbirlərinin aparılması barədə, eləcə də çəyirtkələrin yayılması, xarakteri haqda məlumat əldə etmək üçün AMEA Zoologiya İnstitutu ilə əlaqə saxladıq. İnstitutdan bizə bildirdilər ki, məsələ ilə əlaqədar Entomologiya şöbəsinin və "Cücülərin fauna və sistematikası" laboratoriyasının rəhbəri Seyfəddin Əliyevlə əlaqə saxlayaq.

Özünü institutun direktor müavini kimi təqdim edən şəxs isə dedi ki, hazırda institutda çəyirtkələr üzrə tədqiqat aparılmır: "Hazırda həmin şöbənin bəzi əməkdaşları məzuniyyətdədir. Bəziləri isə bayram öncəsi olduğundan işdən tez gediblər. Başqa vaxt zəng etsəniz də şöbə müdiri Seyfəddin Əliyevlə söhbətiniz alınmayacaq. Çünki onun 85 yaşı var, qulağı ağır eşidir.

Ümumiyyətlə, çəyirtkələrin yayılma arealı, çoxalma səbəbləri, təbiətə ziyanı, xeyri barədə hazırda heç bir tədqiqat aparılmır. Vaxtilə aparılıb, sonra həmin tədqiqatçı alimlər dünyalarını dəyişiblər".

Kimyəvi, bioloji və mexaniki üsullar var...

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, çəyirtkələrə qarşı əvvəlcədən mübarizə tədbirləri aparmaq mümkündür. Bu üsullar kimyəvi və zəhərli maddələrdən istifadə etməklə yanaşı, bioloji və mexaniki vasitələrlə həyata keçirilə bilər: " Bioloji üsul deyəndə, misal üçün, xüsusi quşları əkin sahələrinə cəlb etmək olar. Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, sürətlə hərəkət edib yayılır, digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Odur ki, bu həşəratların vurduğu ziyanın ölçüsü böyükdür.

Çəyirtkələr əkin sahələrində yumurta qoyur və növbəti il həmin sahələrə ciddi zərər vurur. Bunun qarşısını almaq üçün vaxtlı-vaxtında mübarizə tədbirləri görmək lazımdır. Tədbirlər görülməlidir ki, onlar nəsilartırma fazasına qədər yaşaya bilməsinlər.

Təəssüflər olsun ki, bizdə belə mübarizə tədbirləri yetərincə aparılmır. Problem həm də ondadır ki, növbəli əkin sisteminə də əməl olunmur. Belə olan halda bu zərərvericilər çox asanlıqla yayıla bilir".

30 kilometr məsafəni asanlıqla qət edirlər

Mütəxəssis dedi ki, çəyirtkələr daim dinamik hərəkətdə olduğundan, bir yerdə dayanmır və tezliklə yayılır: "Bu həşəratlar sutka ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın".

Vahid Məhərrəmov onu da qeyd etdi ki, çəyirtkələrin təbiətdə faydası bitkiçilik sahəsində yoxdur, yalnız quşların qidası kimi faydalıdır: "Aclıqdan əziyyət çəkən ölkələr üçün BMT-nin xüsusi qərarı var. Orada 1900 addan artıq həşərat insan qidası kimi nəzərdə tutulub ki, bu siyahıda çəyirtkənin də adı var".

Sevil


Müəllif: