17 İyul 2015 16:56
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gərgin iş rejimi, stress və sıxıntılar sağlamlığımızda iz qoyur, problemlərin yaranmasına gətirib çıxarır. Mütəxəssislər bildirir ki, əsəbdən qurtulmağın ən asan yollarından biri yoqadır. Yoqa idman növü sayılsa da, təkcə idman deyil. Yoqa xoşbəxt həyat tərzidir.

Yoqanın üstünlüklərini öyrənmək üçün mütəxəssislə söhbətləşdik.

Səhv oturuşun fəsadları

Dörd ildir yoqa təlimçisi işləyən Arzu Kərimova deyir ki, psixoloji treninqlərlə yanaşı, yoqa təlimi keçməkdə əsas məqsədi həyatını dəyişmək istəyən xanımların mənfi enerjidən qurtulmasına kömək eləməkdir: "Mən yalnız xanımlar və 4-10 yaşlı uşaqlar üçün yoqa təlimi keçirəm. Yoqaya başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək lazımdır. Nəfəsi burunla alıb ağızla vermək lazımdır. Bu zaman tənəffüs prosesi aramla və dərindən baş verməlidir. Üz əzələləri, göz və qulaqlar dartılmamalıdır. Qaməti düz saxlamaq gərəkdir, çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane olur. Hərəkət zamanı beyin mümkün qədər az aktiv olmalıdır.

Yoqa digər idman növlərinə bənzəmir. Ona, sadəcə, fiziki hərəkətlərdən ibarət gimnastika kimi yanaşmaq olmaz. Yoqanın məqsədi ruhunuzu və bədəninizi dincəltmək, rahatlatmaqdır. Əgər vaxtınız azdırsa, tez-tələsik yeddi hərəkət əvəzinə iki hərəkəti tələsmədən yerinə yetirməyiniz yaxşı nəticələr verər".

Arzu Kərimova deyir ki, yoqanın müxtəlif növləri var: "Mən yoqanın hatha növü ilə məşğul oluram. Əslində, müasir dövrdə yoqa dedikdə, əsasən hatha-yoqa başa düşülür. Bu, yoqa təliminin ayrılmaz hissəsidir. Burada əsas tənəffüs gimnastikasidır ki, bütün orqanlar daxildən sanki masaj edilir və oksigeni bütün orqanlara lazımi şəkildə paylaşdırır. İdmanda hərəkətlər daha sərt və sürətli olduğu halda, yoqa hərəkətləri daha incə və aramla yerinə yetirilir.

Dərsin ən azı 20-25 dəqiqəsində iştirakçı fikirlərini cəmləşdirir, tamam öz dünyasına qapılır. Bu, bütün dünyada ən məşhur yoqa növüdür. Çünki insanın həm əqli, həm də fiziki sağlamlığını balans şəklində qoruyub saxlamağa imkan verir. Ona görə də insanların əksəriyyəti yoqanın hatha növünü seçir. Xüsusən, 20-ci əsrdən başlayaraq bu növ məşhurluq qazanaraq bütün dünyada adi yoqa növü kimi təbliğ olunmaqdadır. Bundan əlavə kriya-yoqa, ayenqar-yoqa, inteqral-yoqa növləri də var".

Uşaq pozası, pişik pozası...

Müsahibim deyir ki, yoqaya ilk olaraq tənəffüs gimnastikasi ilə başlayır: "Nəfəs gimnastikasından sonra keçirik sadə hərəkətlərə. Çünki yeni başlayan insanlar əvvəlcə bədənlərini yaxından tanımalıdırlar. Yoqadakı tənəffüs adi tənəffüsdən fərqlənir. Adi nəfəs alanda ağciyərin potensialından tam yararlana bilmirik. Pranayama adlanan yoqanın qaydalarına uyğun tənəffüs texnikası zamanı isə ağciyər bütün gücü ilə işləyir. Daha sonra uşaq pozası, pişik pozası hərəkətləri edilir.

Yoqa təkcə bədəni deyil, beyini və ruhu da qaydasına salır. Yoqa ilə məşğul olan insanın problemləri, həyatdakı çatışmazlıqları başqaları ilə müqayisədə daha rahat qəbul etmək üstünlüyü var. Bununla belə, hatha-yoqa müəyyən sağlıq problemi olanlara tövsiyə olunmur, xüsusən, ürək xəstələri, ciddi təzyiq problemi olanlara bu təlimi tətbiq etmək olmaz.

Yoqa insan ruhunu sakitləşdirdiyindən əsəblilik problemini aradan qaldırır, yuxusuzluqdan əziyyət çəkənlər üçün effektiv vasitədir. Yoqadan sonra mütləq meditasiya edilməlidir".

Hər adamın öz bioritmi

Təlimçi deyir ki, səhər tezdən bədən sərt olduğundan hərəkət etmək çətin olur: "Beyin də dincəlmiş olduğu üçün yalnız qarşıdakı saatlarda sayıqlığını azaldır. Axşamlar bədən daha elastik olduğundan hərəkətlər daha rahat edilir. Səhər yoqası insanın uğur qazanmasına kömək edir. Axşam yoqası isə günün yorğunluğunu çıxarmağa və gərginliyi azaltmağa, rahat və yaxşı yuxu almağa şərait yaradır.

Bununla belə, hər bir insanın özünəməxsus bioritmləri olduğundan, yoqa üçün ən uğurlu vaxt hər kəs üçün fərqlənə bilər. Məsələn, mənim üçün səhər yoqası ən ideal seçimdir. Beləliklə, günə 100 faiz müsbət enerji ilə başlayıb elə də başa çatdırmağa çalışıram.

Hər gün ən azı 15-20 dəqiqənizi yoqaya ayırın. Hərəkətləri edəndə həmişə yaxşı şeyləri düşünün. Düşünün ki, siz gözəlsiz. Hərəkət zamanı özünüzün dözümlü, əsəbləri möhkəm olduğunuzu düşünün. Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında böyük rol oynayır. Buna görə də, yoqa ilə məşğul olan insanlar yaşlananda da dinamikliklərini itirmirlər".

İnsanın həyata baxışı da dəyişir

Arzu Kərimova qeyd etdi ki, yoqa baş ağrısından qurtulmaq istəyənin dərman içib, bundan qurtulmasına bənzəmir: "Bu, uzunmüddətli prosesdir. Digər tərəfdən, yoqaya necə yanaşırsansa, nəticə də elə olacaq. Çox adam internetdən yoqa təlimlərinə baxıb, təkrarlamaq istəyir. Amma hansısa hərəkəti düz etməyəndə fəsadı yarana bilər. Elə fiziki hərəkətlər var ki, onları mənimsəmək üçün həftələr, bəzən isə aylar lazım gəlir. Bu işi düzgün həyata keçirməyəndə və fəsadlar yarananda bir depressiyadan digərinə keçə bilərsən".

Həmsöhbətim deyir ki, yoqa ilə daha çox cavanlar və orta yaş həddində olan insanlar məşğul olur: "Əsasən 25-40 yaşındakı insanlar və arıqlamaq istəyənlər yoqa təlimlərinə gəlir. İlk vaxtlar buna təəssüflənsəm də, sonra düşünürəm ki, yoqa seçilmişlər üçündür. Arıqlamaq üçün mən xüsusi hərəkətlər və tələbənin arzusuna uyğun olaraq yoqa ilə yanaşı qidalanma proqramı da hazırlayıram. Xüsusi tənəffüs gimnastikası da edirik ki, qarın əzələləri möhkəmlənsin.

Yoqa ilə məşğul olan insan məşğul olmayandan fərqlənir. Yoqa təmrinləri edən insanın həyata baxışı, bədəninin elastikliyi və çevikliyi dəyişir. Digər tərəfdən, o, daha dərindən nəfəs ala bilir, fikrini, diqqətini daha yüksək səviyyədə cəmləşdirə bilir".

Qeyd edək ki, sanskrit dilində "yuj" kəlməsindən törəyən "yoqa" sözü inteqrasiya etmək və ya bağlamaq mənasını verir, çox zaman "birlik" və ya intizam metodu kimi təqdim olunur.

Hindistanın məşhur müdriklərindən biri olan Patancalinin yoqa praktikasını yoqa-sutraya təqribən 2000 il bundan öncə əlavə etdiyi ehtimal olunur. Sutra - bu gün tətbiq olunan əksər yoqa növlərinin istinad etdiyi 195 bəyandan ibarət fəlsəfi bələdçi-kitabçadır.

İlhamə


Müəllif: