20 İyul 2015 01:10

Göyçay rayonuna güclü dolu düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə iyulun 19-da saat 23:00 radələrində başlayan, təqribən 20 dəqiqə davam edib.


Təxminən qoz və yumurta boyda düşən dolu əsasən rayonun Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə sahələrinə ziyan vurub.


Güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Evlərin dam örtüyü, pəncərələrin və maşınların şüşələri sınıb. Dolu düşən kəndlərin enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Həmin yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, otlaq və əkin sahələri, habelə meyvə ağacları, pomidor və xiyar istixanaları ziyan görüb.


Dolunun və leysanın əhaliyə vurduğu ziyanın müəyyən edilməsi üçün sabah kəndlərdə sakinlərlə görüşlər keçiriləcək.

Təbii fəlakət Göyçayla yanaşı, Qəbələ rayonun Bum, Qəmərvan, İsmayıllının Gileyli və Kürd kəndlərinə də ziyan vurub.

Qeyd edək ki, ötən ilin may ayında da Göyçayda güclü dolu düşmüş, rayonun 8 kəndinə ciddi ziyan dəymişdi.


Müəllif:
Загрузка...