21 İyul 2015 13:29
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış alimlər, ziyalılar iştirak ediblər.

Mərasimdə əvvəlcə 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Sonra Olimpiada haqqında videoçarx nümayiş etdirilib.

Açılış mərasimində 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayıb: "47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarını, möhtərəm alimləri, dəyərli qonaqları salamlayır, hər birinizə xoş gəlmisiniz deyirəm! Bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyuram! Sevincimin, qürurumun əsas ilham mənbəyi isə burada əyləşmiş gənclər – olimpiada iştirakçılarıdır. Əziz uşaqlar, olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə, həqiqi yarış və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, sizlər artıq kimya elminə aid olan biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz. Əziz dostlar, əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər bir an hiss edib, duyacaqsınız".

Nərgiz Paşayeva çıxışında daha sonra deyib: "Müsabiqənin obyektiv, əzəmətli, yarış məkanının doğru, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki sizin arzularla bizim arzular, sizin ümidlərlə bizim ümidlər, sizin tələblərlə bizim tələblər ayrılmazdır və bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib, sönməməlidir".

Nərgiz Paşayeva qeyd edib ki, bəşəriyyət addım-addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə can atıb, çalışıb və həmişə çalışacaq: "Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan – alimlər ordusundan – asılı olduğuna şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan məqamlar sizin təqdimatınızı gözləyir.

Əziz dostlar, bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı olimpiadasının şüarını – “həyat sanki böyük bir kimya laboratoriyasıdır” – deyə seçdik. Bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən – bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir – gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir – həqiqəti qorumaq – mənəviyyatı qorumaq deməkdir – mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Sizlər bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka – budur ideal!


Dahi yazıçı Hötenin dediyi kimi “elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur”. Bu gün bu zalda 75 ölkəni təmsil edən 75 komanda əyləşib. Hər bir komandanın üzvləri daxilən və zahirən müxtəlif, ayrı-ayrı dillərdə danışan və müxtəlif ənənələrə bağlı olan insanlardır. Eyni zamanda bu gün bizi bir araya gətirən, biləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz məmləkətin, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə elm, təhsil və mədəniyyətdir. Bu məmləkət sarsılmaz məmləkətdir. Bu məmləkətin bayrağı işıq - yəni günəş, himni – quşların, bülbüllərin nəğməsi, nişanəsi isə həyatın, varlığın özüdür.

Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval-ruhiyyə, həvəs, səbr və daxili inam arzulayıram! Beləliklə, 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!".

Daha sonra dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına təbriklərini çatdırıblar.

İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Son illər elm və tədris bazasını gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.

47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib.


Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.


47-ci Olimpiada Təshil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.


Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik “Katalayzer” jurnalı dərc edilir.


Müəllif: