24 İyul 2015 09:27
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunun Yenikənd kəndində evi yanaraq külə dönən “Abşeron” musiqi qrupunun solisti Şəhriyar Məhərrəmov prezident İlham Əliyevə açıq məktub ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni prezidentə məktub ünvanlamaqda məqsədi ailəsinin bu günlərdə ağır və üzücü hadisə ilə üzləşməsi, lakin aidiyyatı qurumların hadisəyə olduqca soyuqqanlı və səhlənkar yanaşması ilə bağlıdır.

Müğənni müraciətində qeyd edib: “Yenikənd kəndində ailəmizə məxsus 4 otaqlı ev bu ilin iyulun 12-də, axşam saatlarında elektrik naqillərində baş verən qısaqapanma nəticəsində tamamilə (içindəki bütün əşyalarla birlikdə: sənədlər, geyim, pul və zinət əşyaları və s.) yanıb kül olub. Yenikənd kənd orta məktəbində 30 ildən artıq müəllim işləyən atamın, təqaüdçü anamın, bacımın və onun körpə uşaqlarının birlikdə yaşadığı bu evin sıradan çıxmasından sonra, ailəmiz çox ağır vəziyyətlə üzləşib. Hadisədən sonra Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının Yenikənd kəndi üzrə icra nümayəndəliyinə və Kürdəmir rayonu Yenikənd kəndi bələdiyyəsinə yanğın hadisəsi, dəymiş ziyanın mövcudlugu ilə bağlı arayış və müvafiq sənədləri bizə təqdim etmişik. Lakin təəssüflər olsun ki, baş vermiş hadisədə dəymiş ziyanın hec olmasa, qismən ödənilməsi üçün bir neçə dövlət orqanlarına rəsmi şəkildə (ərizə,teleqram,məktub) müraciət etməyimizə baxmayaraq, heç bir müsbət cavab ala bilmirik. Hadisə ilə əlaqədar Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovun qəbulunda olduq. O bizə heç bir köməklik göstərə bilməyəcəyini dedi və əvəzində kobud şəkildə bildirdi. Dedi ki, gedin, kənd camaat pul yığıb, evinizi tikəcək”.

Müğənni prezidentə ünvanladığı məktubda daha sonra qeyd edib ki, gördüyünüz kimi, aidiyyatı qurumlar öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək əvəzinə, köməksiz bir ailəni öz taleyi ilə baş-başa buraxıblar: “Fövqəladə hadisə nəticəsində evsiz-eşiksiz qalmış, hər bir şeyi əlindən çıxmış ailəmizin isə evi bərpa etməyə heç bir maddi imkanı yoxdur. Ailəmiz adından bunu da vurğulamaq istərdim ki, sizin həqiqətən hər bir azərbaycanlının Prezidenti kimi, daim xalqın yanında olduğunuzun hər zaman şahid olmuşuq. Biz hər zaman Sizin – Ümummilli Liderin layiqli davamçısının dövlətimiz üçün gördüyü işləri, atdığı addımları, yürütdüyü uzaqgörən siyasəti qürürla və inamla dəstəkləmişik. Şəxsən mən bir inəsənət adamı kimi, dahi şəxsiyyət - Ulu Öndərimizin bir çox yubiley konsertlərində və tədbirlərində, o cümlədən YAP-nın seçkiqabağı təbliğat və təşviqat tədbirlərində və konsertlərində (istər bölgələrimizdə, istərsə də Bakıda) mütəmadi olaraq təmənnasız və qürür hissi ilə iştirak etmişəm. Ailəmizin üzləşdiyi bu ağır vəziyyətdə, çətin məqamda bizə dəstək olmağınızı Sizdən artıq dərəcədə xahiş edirik”.

Hacı Zeynalov


Müəllif: