24 İyul 2015 10:39
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015/2016- cı tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015-ci ildə mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Bundan başqa, yaşı 16 - 20 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları, müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq, 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası) olmalıdır.

Sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış əldə edən, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar da müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak edəcək namizədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinədən və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Müvafiq yoxlamadan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.


Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.


Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Məktəbdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildiyi gündən sonra bir həftə müddətində TQDK-ya (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.


Müəllif: