24 İyul 2015 13:04

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin birinci yarısında Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.

Teleqraf.com-un məlumatına görə, bunu Fondun sədri Elman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Sosial Müdafiə Fondunda icrası nəticələrini media nümayəndələrinə şərh edərkən bildirib. O, həmçinin qeyd edib ki, müraciətlərin 18,8 faizi bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2 faizi pensiya və müavinətlərin təyinatı, 9,9 faizi pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub. Müraciətlərin 8,4 faizini məcburi dövlət sosial sığortasına, 2,5 faizini sosial sığorta şəhadətnaməsinin verilməsinə dair sorğular əhatə edib. Müraciətlərin 44,2 faizi isə digər məsələlərə aid olub.

Hesabat dövründə vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...