24 İyul 2015 23:22
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Elmlər Akademiyasının rəhbər nümayəndələri Azərbaycan Tibb Universitetində qonaq olublar. Teleqraf.com-un məlumatına görə, akademiyanın Gerontologiya İnstitutunun direktoru akademik Vladislav Bezrukov və akademiyanın müxbir üzvü Svetlana Kuznetsova ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşüblər.

Görüşdə Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu ilə Azərbaycan Elmlər Akademiyası və Tibb Universiteti ilə birlikdə “Uzunömürlülüyün molekulyar genetik əsaslarının öyrənilməsi” layihəsinin icrası müzakirə olunub. İki il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda yaşayan uzun ömürlü insanların tibbi göstəricilərinin araşdırılması, biomarkerlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yaşlı insanlarla görüşlər keçirirlər.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov layihənin tibb elmi üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən Tibb Universiteti əməkdaşlarının da həmin elmi tədqiqatlara qatıldığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanın bölgələrində aparılan araşdırmalarda ATU-nun nevropatoloqları, kardioloq və terapevtləri, digər mütəxəssisləri də ukraynalı həmkarları ilə birgə iştirak edirlər.

Əhliman Əmiraslanov gələcəkdə Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu ilə birgə beynəlxalq konfransın təşkili, qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi üçün müqavilə hazırlanmasını da məqbul sayıb.

Naibə QURBANOVA


Müəllif: