28 İyul 2015 13:48

Könül Əhmədova: "Çalışırıq ki, uşaqlar burada ürəkləri istəyən kimi dincəlsinlər"

Azərbaycanın Ermənistanla təmas xəttindəki rayonlarında yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu məqsədlə ötən il Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlarından olan uşaqlar üçün yay düşərgəsi təşkil edilib.

Düşərgədə uşaqların istirahəti ilə yaxından tanış olmaq üçün deyilən ünvana yollandıq.

120 uşaq iki həftə Bakıda

Gənclər və İdman Nazirliyinin "Cırtdan" Uşaq İstirahət və Sağlamlıq Mərkəzinə daxil olanda uşaqların bəzisi tennis, bilyard oynayır, bəzisi isə düşərgədəki hovuzda üzürdü. İlk olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Ədilovla söhbətləşdik.

Fərid Ədilovun sözlərinə görə, bu istiqamətdə işin davamı kimi Komitə Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xəttinə yaxın rayonlardan olan uşaqlar üçün növbəti yay düşərgəsi təşkil edib: "Uşaqlar Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarındandır. Onlar iyulun 20-dən avqustun 3-dək Bakının Şüvəlan qəsəbəsindəki bu düşərgədə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində dincələcəklər.

Düşərgədə qeyd olunan rayonların Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaş arası 120 uşaq var. Həmin uşaqlar iki həftə ərzində həm əylənir, həm də müxtəlif yerlərə ekskursiyalara gedirlər. Uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçirilir, şənliklər təşkil olunur".

Fərid Ədilov bildirdi ki, Komitə düşərgədəki uşaqlara təlimlər də keçir: "Bu təlimlərdə əsasən, uşaq hüquqları ilə bağlı biliklər verilir. Qeyd edim ki, hazırda ölkədə yay düşərgələrinin sayının artırılması ilə bağlı müvafiq qurumlar müəyyən işlər görürlər. Məqsədimiz sərhədyanı kəndlərdə yaşayan uşaqların Bakıda daha yaxşı vaxt keçirmələrinə nail olmaqdır".

"Valideynlərimdən ötrü darıxsam da..."

Yay düşərgəsində uşaqların səmərəli istirahəti üçün müxtəlif oyunlar təşkil olunur. Burada futbol meydançası, tennis, voleybol, şahmat, bilyard zalları var.

Tennis oynayan Günel Bağırzadə deyir ki, düşərgədə vaxt çox maraqlı keçir: "Mən Daşkəsən rayonunda yaşayıram. Belə bir düşərgənin olduğunu mənə məktəbimizin direktoru bildirdi. Valideynlərim razılaşdı və məni düşərgəyə göndərdilər. Ancaq burda valideynlərim üçün də darıxıram. Onlarla telefonla danışmaq üçün düşərgədə şərait yaradırlar. Özümə xeyli yeni dostlar qazanmışam. Düşərgədən ayrılandan sonra həmin dostlarımla əlaqə saxlamağı düşünürəm.

Düşərgədə hər gün müxtəlif oyunlar oynayır, təlimlər keçirik. Bizi Qala qoruğuna da aparmışdılar. Təəssüf ki, rayonda uşaqlar üçün belə düşərgələr yoxdur".

"Cırtdan" Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin müəllimi Könül Əhmədova deyir ki, artıq iki ildir uşaqlar sərhəd bölgəsindən və paytaxtdan yay düşərgəsinə gəlirlər: "Şəhərdə yaşayan uşaqlar daha dəcəl, rayon uşaqları isə sakit olurlar. Məqsədimiz rayon uşaqlarının bütün kompleksləri kənara atmasına kömək göstərməkdir.

Uşaqlar yalnız düşərgə daxilinə qapılıb qalmırlar. Hər gün onlar üçün müxtəlif turlar təşkil olunur. Rəsm çəkmək üzrə yarış keçiririk. Çalışırıq ki, uşaqlar burada ürəkləri istəyən kimi dincəlsinlər".

Çox aktiv bir qız var

Bakı Dövlət Universitetinin tələbəsi olan təlimçi Nərmin Məmmədova deyir ki, mövzular müxtəlifdir: "Keçirilən təlimlər sistemli təşkil olunub. Yəni, təkcə uşaq hüquqlarının müdafiəsi ilə kifayətlənmirik. Burada Qarabağ həqiqətləri, ətraf mühitin qorunması, asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı mövzular var. Təlimlərdə ümumi informasiya veririk. Daha sonra uşaqlarla mövzu ətrafında hansı problemləri olduğunu müzakirə edirik. Uşaqlar da təklif verirlər. Təlimlər hər gün iki saat çəkir. Sevindirici odur ki, uşaqlar aktivdirlər. Təlimdə sərhəd bölgəsindən bir qız daha fəaldır. Biz elə bilirdik ki, şəhər məktəbində oxuyur. Sonradan Ağdam rayonunda yaşadığını bildik".

Tərtər rayonundan düşərgəyə gəlmiş Həsənəli Əliyev deyir ki, yaradılan şərait çox xoşuna gəlir: "Sərhəddə yerləşən rayonlardan olan uşaqlar üçün yay məktəbinin təşkil edildiyini biləndə sevindim. Bura çox xoşuma gəlir. Biz rayonda uşaqlarla yığışıb sərbəst oyun oynaya bilmirdik. Düşərgədə uşaqlara hər cür şərait yaradılıb. Futbol oynayır, hovuzda üzürük. Günlərimiz çox maraqlı keçir".

İlhamə


Müəllif:
Загрузка...