31 İyul 2015 12:12

Ekspert Nadir İsrafilov: "Təhsildən yayınma artır"

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədi daşıyan müsahibələr davam edir. Bakı Təhsil İdarəsindən verilən məlumata görə, müsahibələr Nəsimi rayonundakı 42 nömrəli orta məktəbdə keçirilir.

Övladının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər və ya qanuni nümayəndələr onların müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

37 min uşaqdan neçəsinin xüsusi istedadı var?

Məlumatda bildirilir ki, artıq qeydiyyatdan 3772 nəfər keçib. Həmin uşaqlardan 742 nəfəri Təhsil nazirinin müvafiq əmrinə əsasən, müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbə hazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib. Kursu uğurla bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olunurlar.

İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində SMS şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

Qeyd edək ki, xüsusi istedada malik uşaqların I sinfə qəbul 2010-cu ildən icra olunur. "Təhsil haqqında" Qanununun 19.12-ci maddəsinə əsasən, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları hazırlanıb və bu qaydalar vaxtından əvvəl I sinfə qəbulla bağlı məsələləri tənzimləyir.

Tələb olunan şərtlər

Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi, nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi, təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması, yaşa görə söz ehtiyatının zənginliyi, dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi, müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi, müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi, müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayişi kimi zehni keyfiyyətlərə malik məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar xüsusi istedadlı hesab edilir.

Onu da deyək ki, uşaqların vaxtından əvvəl I sinfə qəbul məsələsinə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır.

Komissiyaya rayon təhsil şöbəsinin müdiri rəhbərlik edir. Komissiya xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə vəsaitlərindən istifadə edir.

Bəzi hallarda valideynlər uşaqlardan tələb olunan keyfiyyətlərin çoxluğundan, şərtlətin qəlizliyindən gileylənir.

Bölgələrdə 7-8 yaşlı uşaq var ki, I sinfə getmir

Təhsil eksperti Nadir İsrafilov da xüsusi istedada malik uşaqların I sinfə qəbul qaydalarında qoyulan şərtləri ağır hesab edir. Onun fikrincə, bu cür şərtlər əsasında I sinfə qəbul uşaqlara həm fiziki, həm də psixoloji baxımdan zərər verə bilər: "Təhsil sahəsində orta məktəb müəllimi, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı kimi vəzifələrdə çalışmışam. Bir təhsil mütəxəssisi olaraq hesab edirəm ki, 6 yaşı tamam olmayanlar arasında xüsusi istedad axtarışı düzgün yanaşma deyil. Bəzən biz sovet təhsil sistemini pisləyirik, amma bu sistemdə də nümunəvi, örnək olunası işlər çox idi. Şagirdlər məktəbə 7 yaşdan qəbul olunurdu, məktəb yaşı çatan qəbul edilirdi və bu, icbari xarakter daşıyırdı. Konstitusiyamızda da bu təsbit olunur, təhsil icbaridir.

Amma təkcə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunda deyil, adi qəbulda da o qədər baryerlər qoyulur ki, təhsildən yayınma halları artır. Jurnalist araşdırması aparsanız, mənzərə sizə məlum olar. Bölgələrdə 7 yaşlı, hətta 8 yaşı olan uşaqlar var ki, məktəbə getmirlər. Çünki qəbulu mürəkkəbləşdiriblər. Uşaq şeir bilməlidir, yazı bacarığı olmalıdır, imtahan verməlidir. Uşaq hazır biliklə məktəbə gələcəkdisə, niyə təhsilə cəlb olunurdu?"

Bir məktəb başqa məktəbdən şagird "borc alır"

Qeyd edək ki, bu ildən Bakı şəhər məktəblərində I sinfə qəbul elektron sistemlə aparılır. Ekspert dedi ki, bu məsələ də məktəbə qəbulda mürəkkəblik yaratsa da, təhsildən yayınmanın qarşısını almaqda müsbət rol oynaya bilər: "Hazırda I sinfə gedən şagirdlərlə 10 il sonra orta məktəbi bitirən məzunlar arasında kəskin fərq meydana çıxır. Bu hal təhsil ictimaiyyətinə məlumdur. Ötən il Azərbaycanda 138 min nəfərdən çox uşaq I sinfə getdi, bu il 90 min şagird məzun oldu. Nəticə ona görə belə olur ki, məktəblərdə sinif komplektləşdirmələri üçün bir məktəbdə şagird çatmayanda, digər məktəbdən lorı dildə desək, 5-6 şagird "borc alınır". Bir şagirdin şəxsi işi iki məktəbdə olur, sonradan da ona da belə ad verilir ki, guya uşaq bu məktəbdən digərinə köçürüldü, yerini dəyişdi. Ona görə də statistika uyğun gəlmir.

Bu baxımdan, hesab edirəm ki, elektron sistemlə qəbul fərqi aşkar göstərər və yaranan neqativ halların qarşısını almaq üçün müvafiq addımlar atıla bilər".

Direktor cəzalansa, təhsildən yayınma olmaz

Təhsil eksperti onu da bildirdi ki, şagirdlərin təhsildən yayınmasına görə məktəb rəhbərliyinin cəzalanması mexanizmi tətbiq edilsə, obyektiv nəzarət tənzimlənsə, problem həllini tapar: "Vaxtilə təhsildən yayınmaya görə məktəb rəhbərliyinin fəaliyyətinə nəzarət olunurdu, inspektorlar məktəbləri müntəzəm yoxlayırdı. Bir məktəbin həndəvərində nə qədər uşaq var, nə qədəri təhsilə cəlb olunub, nə qədəri təhsildən yayınıb, bütün bunlar "Məktəb hesabatı N 1" adlı sənəddə əks olunurdu. Əgər uşaq təhsildən yayınıbsa, ən yüngül cəza məktəb rəhbərinin işdən azad olunması idi. Hazırda isə əhali sayı 9 milyona çatıb, I sinfə gedənlərin sayı əhali sayı 7 milyon olduğu vaxtdan azdır. Çünki təhsildən yayınma halları artıb".

Sevil Hilalqızı


Müəllif:
Загрузка...