31 İyul 2015 19:54
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatyana Anodina: “Azərbaycanın mülki aviasiyasında güclü və yüksək ixtisaslı milli kadrlar formalaşıb”

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Prezidenti Tatyana Anodinanın başçılıq etdiyi Dövlətlərarası Şuranın nümayəndə heyəti iyulun 21-27-də Azərbaycanda işgüzar səfərdə olub.

Teleqraf.com-un məlumatına görə, Tatyana Anodina səfər zamanı bir sıra görüşlər, o cümlədən Azərbaycanın Baş naziri Artur Rasizadə və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib.
Dövlətlərarası Şuranın yekdilliklə qəbul etdiyi qərara və 2015-ci ilin yanvar ayında Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minmiş Azərbaycan Hökuməti və Dövlətlərarası Şura arasında Sazişə uyğun olaraq təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

Dövlətlərarası Şuranın qərarına əsasən, Hindistan, İsrail, Çin, Kanada, ABŞ və Avropa İttifaqı, Asiya-Sakit okeanı regionu, Asiya, Afrika, Yaxın Şərq, Mərkəzi və Latin Amerikası ölkələri daxil olmaqla 73 dövlətlə, eləcə də 18 beynəlxalq təşkilatla beynəlxalq sazişlər bağlanıb. Onlardan ən əsası dünyanın 191 dövlətini birləşdirən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə imzalanmış sazişdir.

Dövlətlərarası Şura və onun icraedici qurumu - Dövlətlərarası Aviasiya Komitəsi (DAK - mənzil-qərargahı Moskvadadır) üçün aşağıdakı birgə tənzimləmə sahələri müəyyən edilib: hava gəmilərinin sertifikasiyası, onların istehsalı və təmiri; beynəlxalq aerodromların və aeronaviqasiya mərkəzlərinin sertifikasiyası; aviasiya mütəxəssislərinin hazırlanması və tədris müəssisələrinin sertifikasiyası; uçuşların təhlükəsizliyi və aviasiya terrorçuluğunun qarşısının alınması üzrə tədbirlərin hazırlanması; demonopolizasiya, vicdanlı rəqabət və aviasiya bazarının liberallaşdırılması əsasında beynəlxalq hava əlaqələri sahəsində əlaqələndirilmiş siyasətin aparılması.

Biz professor, doktor, dünyada cəmi 40 nəfərin mükafatlandırıldığı BMT-nin (ICAO) aviasiya-kosmik sahədə ən müfuzlu mükafatı laureatı Tatyana Anodinadan Bakıya səfərinin yekunları, eləcə də Azərbaycan paytaxtında gördüklərindən aldığı təəssüratlar barədə danışmağı xahiş etdik.

- Tatyana Qriqoryevna, Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?
- Proqram son dərəcə məzmunlu və səmərəli idi. Səfərin nəticələrini çox müsbət qiymətləndirirəm. Bir çox aktual mövzu və layihələri müzakirə etməyə nail olduq. Bütün görüşlər peşəkar, konstruktiv və mehriban şəraitdə keçdi.

Danışıqlarda Azərbaycan Hökumətinin üzvlərini Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyəti, eləcə də ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) rəhbərliklərinin dəstəklədiyi son təşəbbüslərimiz barədə məlumatlandırdım.

Baş nazir Artur Rasizadə ilə görüşdə əməkdaşlığın nəticələri, perspektivləri və “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin (Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli №1158-IVQ Qanunu) həyata keçirilməsi üzrə tədbirlər müzakirə olunub.

Dövlətlərarası Şuranın işinin vacibliyini və yüksək səmərəliliyini təsdiq edən Baş nazir qeyd edib ki, dünyada böyük nüfuza malik bu təşkilatın mənzil-qərargahının Bakıda yerləşməsi təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun dünyanın qabaqcıl ölkələri və beynəlxalq təşkilatları ilə əlaqələrinin gələcək inteqrasiyasına və inkişafına xidmət edəcək.

Görüşlərdə Sazişin reallaşdırılması üzrə göstərdiyi böyük səylərə və köməyə, eləcə də Dövlətlərarası Şuranın və onun Bakıdakı mənzil-qərargahının əlverişli peşəkar fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidentinə, Baş nazirinə və Hökumətinə təşəkkür etdim.

Qeyd olundu ki, Dövlətlərarası Şuranın mənzil-qərargahının Bakıda yaradılması Azərbaycan aviasiyasının daha səmərəli inkişafına, onun beynəlxalq aləmdə tanınmasına və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuş aviasiya infrastrukturunun təkmilləşməsinə kömək edəcək.

Həmçinin qeyd etmək istəyirəm ki, Dövlətlərarası Şuranın Bakıdakı mənzil-qərargahı artıq fəal işə başlayıb və bir sıra sərəncamçı sənədlər, o cümlədən “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Saziş imzalanıb.
Danışıqlarda bu ilin oktyabr ayının ikinci yarısında Bakıda təşkil ediləcək Dövlətlərarası Şuranın sessiyasının keçirilməsinin əhəmiyyətini də vurğuladım. Bu, beynəlxalq mülki aviasiya üçün çox böyük və əlamətdar hadisə olacaq.

Cari ilin iyununda ICAO Şurasının Prezidenti Olumuiva Benard Aliu ilə görüşdə onu Dövlətlərarası Şuranın Bakı sessiyasında iştirak etməyə dəvət etdim. ICAO Şurasının Prezidenti bu dəvəti böyük minnətdarlıqla qəbul etdi və ilkin razılığını verdi. Biz digər beynəlxalq təşkilatların rəhbərlərini də dəvət etməyi planlaşdırırıq.

- Azərbaycan mülki aviasiyasının cari vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev və Hökumətin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Aviasiya parkı tamamilə yenidən təchiz olunub, ölkənin müxtəlif bölgələrində müasir hava limanları və avianaviqasiya mərkəzləri inşa edilib. Onlar da təyyarələr kimi, DAK-ın beynəlxalq sertifikatlarına malikdirlər və ICAO-nun standartlarına tam cavab verirlər. Azərbaycan “Boeing-787” təyyarələrinin istismarına başlamış ilk Avropa ölkələrindən biri oldu.

Azərbaycanın mülki aviasiyasında güclü və yüksək ixtisaslı milli kadrlar formalaşıb ki, bu da ilk növbədə tanınmış alim, akademik Arif Paşayevin başçılıq etdiyi Azərbaycan Milli Aviasiya Akademiyasının pedaqoq və kollektivinin əməyinin nəticəsidir. Xatırladım ki, bu yaxınlarda Arif Paşayevə Akademiyaya verilmiş beynəlxalq sertifikatı təqdim etdim.

Azərbaycanın bütün mülki aviasiya infrastrukturunu birləşdirən və təkcə regionumuzda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuza malik yüksək peşəkar aviasiya rəhbərlərindən biri olan Əməkdar pilot, Dövlətlərarası Şuranın birinci vitse-prezidenti Cahangir Əsgərovun uzun illərdir rəhbərlik etdiyi AZAL ən nüfuzlu mülki aviasiya birliyi olan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür.

Aparılmış irimiqyaslı işlərin nəticəsi kimi, “Skytrax” beynəlxalq reytinq agentliyi tərəfindən AZAL və Heydər Əliyev Beynəlxalq Hava Limanına “4 Ulduz” nüfuzlu reytinqi verildi.

- Siz iyunun 12-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etdiniz. Təəssüratlarınız necədir?
- Mənim üçün Azərbaycan Prezidentinin dəvəti ilə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının açılış mərasimində iştirak etmək böyük şərəf idi.

Mən və açılışda iştirak edən bütün tamaşaçılar Bakıda təmtəraqlı və möhtəşəm beynəlxalq idman bayramının şahidi oldular. Mən idmanı sevirəm və bir çox Olimpiya Oyunlarında olmuşam. Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan Avropa idmanı tarixində ilk parlaq səhifə yazdı. Dünyada ən yüksək və təsirli idman plankası qoyuldu.

Bu möhtəşəm dünya səviyyəli bayrama hazırlıq və onun keçirilməsi üzrə insanların, o cümlədən Prezident İlham Əliyevin, həmişə və hər şeydə füsunkar və mükəmməl olan Avropa Oyunları Təşkilat Komitəsinin sədri hörmətli Mehriban xanım Əliyevanın böyük əməyini layiqincə qiymətləndirmək mümkün deyil.


Müəllif: