31 İyul 2015 19:13

“Niyə o zaman kimsə demədi ki, sınaq imtahanlarındakı suallar asandır?”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirib.

Teleqraf.com xəbər verir ki, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərindən olan abituriyentlər onlayn formada TQDK sədrinə qəbul prosesi ilə bağlı onları maraqlandıran suallarla müraciət ediblər.

Komissiya sədri ona ünvanlanan sualları cavablandırıb. Bildirib ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqəyə buraxılmaq şərti dəyişməyəcək.

Onun sözlərinə görə, keçid balının müsabiqəyə buraxılma üçün tələb olunan baldan fərqləndiyini xatırladan komissiya sədri qeyd edib ki, hər hansı bir ixtisas üzrə keçid balının aşağı düşməyi, ya da yuxarı qalxmağı təkcə abituriyentlərin nəticələrindən yox, eyni zamanda abituriyentlərin istəyindən də asılıdır:"Keçid balı müsabiqə zamanı hər bir ixtisas üzrə formalaşır. Məsələn, keçən il bir ixtisas üzrə plan yerləri az, müsabiqə vəziyyəti yüksək idisə, ora müsabiqə zamanı yüksək keçid balı formalaşmışdı. Bu il həmin o ixtisas üzrə plan yerləri 4 dəfə artıbsa, amma iddiaçıların sayı eyni qalıbsa, təbii ki, orada müsabiqə vəziyyəti azalacaq".

TQDK sədri ixtisaslar üzrə müsabiqə vəziyyətinin qabacadan söyləməyin mümkün olmadığını bildirib: "IV qrupda ən çox seçilən ixtisas illər boyu "Müalicə işi "olub. Ola bilər ki, bu il ən sevimli ixtisas IV qrupda "baytarlıq" olsun. Çox abituriyent baytar olmaq istəsə, ərizəsində birinci baytarlığı yazacaq. O zaman baytarlıq ixtisasına çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bu, kimin hansı ixtisası seçməsindən asılıdır".

Komitə rəsmisi bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayanların əvvəlki illərlə müqayisədə çox olmasının səbəbini qəbul imtahanda test suallarının asanlaşdırılması ilə əlaqələndirənlərə də münasibət bildirib.

O deyib ki, cari ilin qəbul imtahanları ilə bağlı model testlər hələ bir müddət əvvəl ictimaiyyətə açıqlanıb, eyni zamanda, sınaq imtahanlarında da istifadə edilib: "Sınaq imtahanlarının sualları, 1 və 2 saylı “Abituriyent” jurnallarında təqdim etdiyimiz model testlər ictimaiyyətin əlindədir. Biz apreldə ilkin sınaq imtahanları keçirdik. O zaman model testlər var idi. Niyə o zaman kimsə demədi ki, yanvarda çap etdiyiniz model testlərlə aprel ayında apardığınız imtahanlarda təqdim edilən test sualları arasında fərq var, sınaq imtahanlarındakı suallar asandır?

Hər il imtahanlar bitdikdən sonra - sentyabrın 15-dən başlayaraq qəbul imtahanlarının nəticələri, orada istifadə edilən suallar elmi-metodik seminarlarda suallara neçə faiz abituriyent cavab verib, neçə faiz imtina edib, hansı tipik səhvlər olub, bütün bunlar müzakirə edilir. Bundan sonra ümumi variantın bütün proqramı nə dərəcədə əhatə etməsi məsələsinə baxılır. Bu məsələlərin hamısı elmi-metodik suallardır".
TQDK sədri qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən, lakin qabiliyyət imtahanlarında iştirak edə bilməyən abituriyentlərin hansı hallarda yenidən qabiliyyət imtahanı verə biləcəyini də açıqlayıb. O deyib ki, qabiliyyət intahanlarının keçirilməsi cədvəli əvvəlcədən elan edilir və əgər hansısa abituriyent qabiliyyət imtahanlarında iştirak etməyibsə, onun üçün yenidən imtahan keçirilmir: “Belə abituriyentlər üçün imtahan yalnız bu halda yenidən keçirilə bilər ki, abituriyent qabiliyyət imtahanlarının keçirildiyi gün xarici ölkədə hansısa vacib yarışda iştirak etsin. Bu zaman abituriyentin yarış nəticələri nəzərə alınmaqla apelyasiya zamanı qabiliyyət imtahanı keçirilir".

Sədrin sözlərinə görə, bütün imtahanlar bitdikdən sonda onlarla bağlı apelyasiya şikayətlərinə baxılır.

SEVİL


Müəllif:
Загрузка...