1 Avqust 2015 11:29
228

Regionlarda aparılmış monitorinqin nəticələri açıqlandı

"İstehlakçıların maarifləndirilməsinə dəstək" ictimai birliyi regionlarda qida təhlükəsizliyi ilə bağı layihəsi çərçivəsində Masallı, Lənkəran, Şamaxı rayonlarında maarifləndirmə görüşləri təşkil edib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşan tədbirin yekun nəticələrinə dair qurum dünən mətbuat konfransı keçirdi.

Birliyin rəhbəri Natiq Əkbərov dedi ki, tədbirdə məqsəd istehlakçıların qida təhlükəsizliyinin mövcud durumunu qiymətləndirmək, istehlakçı hüquqlarına dair piar təbliğatı aparmaqla əhalinin istehlakçı mədəniyyətini yüksəltməkdir: "Biz ardıcıl olaraq Masallı, Lənkəran, Şamaxı və İsmayıllıda 3 tipli müəssisələrdə monitorinq apardıq. Layihə haqqında yerli sahibkarlara və istehlakçılara geniş məlumat verdik, qida təhlükəsizliyinin mövcud problemləri barədə müzakirələr təşkil etdik, ərzaqların yararlılıq müddəti, saxlanma şəraiti, keyfiyyəti, istehsal prosesinin incəlikləri, ehtiyac və problemlər barədə qiymətləndirmələr apardıq. Ümumilikdə layihə maraqla qarşılandı".

Layihənin eksperti Şahin Rəcəbov monitorinq prosesində rast gəlinən problemlərdən danışdı: "Bəzi satıcıların mal-məhsul haqqında məlumatsızlığı, onların sağlamlıq arayışının, bəzi məhsullarda uyğunluq sertifikatının olmaması, vaxtı keçmiş uşaq qidaları və bu kimi neqativ hallarla rastlaşdıq. Bununla yanaşı, böyük marketlərdə müasir standartların tələblərinə uyğunlaşma cəhdlərinə də təsadüf etdik".

Aparılan monitorinqlərin nəticəsi olaraq İctimai Birliyin eksperti 4 region üzrə qiymətləndirmənin nəticələrini də səsləndirdi: "Monitorinqlərdən bu nəticəyə gəldik ki, əhalinin qida təhlükəsizliyi ilə bağlı təsəvvürləri qənaətbəxş deyil, bu istiqamətdə maarifləndirmə işlərinə ehtiyac çox böyükdür.

"Qida təhlükəsizliyi" haqqında qanunun qəbulu labüddür və bu istiqamətdə ictimai piar və parlamentdə lobbiçiliyə ehtiyac var.

Qida təhlükəsizliyinə regionlarda nəzarət etmək üçün dövlət orqanlarının səlahiyyətləri məhdudlaşdırılıb. Bu, sahibkarların işlərinə müdaxilə etməmək məqsədi daşısa da, bəzi hallarda onların məsuliyyətini azaldır. Yoxlamalar şəffaf, ictimai nəzarətin iştirakı ilə keçirilsə, bu nəzarətə inam hissi artar və nəticədə əhali faydalanar.

Biznes və iqtisadi maraqlar əhalinin sağlamlığı, genofondun qorunması, müasir standartlar və sosial hüquqların təmin edilməsi tələbatlarına uyğunlaşdırılması kimi hallar da qanunvericilikdə nəzərə alınmalıdır.

Ərzaq istehsalı və satışı müəssisələrində standartlara uyğunlaşdırmaya nəzarət gücləndirilməli, yeni kommunal infrastrukturlar qurulmalıdır. Bazarlar rekonstruksiya edilməli, anbar sistemi olmalı, infrastrukturlar əsasən sanitar gigiyenik normaların gözlənilməsi prinsipləri üzrə qurulmalıdır.

Sahibkarların fəaliyyətinin davamlı olması üçün kreditlərin, subsidiyaların verilməsi, banklarda girov qoyma işi sadələşdirilməli və kredit faizləri azaldılmalıdır.

Bundan başqa istehsalçıların istehsal etdikləri məhsullarının xarab olmaması üçün dəyər-dəyməz qiymətə satılması nəticədə vasitəçilər tərəfindən qiymətlərin artırılmasına gətirib çıxarır və bu, aşağı alıcılıq qabiliyyəti olan əhalinin sosial durumunu daha da çətinləşdirir. İstehsalçının məhsullarının birbaşa vasitəçisiz bazara çıxarılması üçün menecment işinin təşkili və bu sahədə istehsalçıların maarifləndirilməsinə, o cümlədən əhaliyə xidmət mədəniyyətinin yüksəldilməsi üçün satıcılarla təlimlərin keçirilməsinə və bu sahədə peşə məktəblərinin yaradılmasına ehtiyac var.

İstehlakçı hüququ və qida təhlükəsizliyi ilə bağlı məlumatlandırmalar üçün televiziya verilişlərinə və sosial reklamlara zərurət var.

Qiymətlərin süni qaldırılmasına qarşı tədbirlər gücləndirilməli və sərtləşdirilməlidir. Alıcılıq qabiliyyəti aşağı olduğu üçün qiymətlərin aşağı salınması və keyfiyyətli rəqabət mühitinin yaradılmasına da ehtiyac var.

Dövlət orqanlarının qida təhlükəsizliyinə nəzarət tədbirləri, reydləri, monitorinqlərinin ictimai təşkilatların və mətbuatın iştirakı ilə keçirilməsi daha məqsədəuyğundur.

GMO-ların (geni modifikasiya edilmiş məhsullar) satışına nəzarət gücləndirilməli, zərərli və faydasız qidalar satışdan çıxarılmalıdır.

Əhalinin qida təhlükəsizliyi və istehlakçı hüquqları ilə bağlı operativ məlumatların ötürülməsi üçün qaynar telefon xətlərinin fəallaşdırılması və populyarlaşdırılması artırılmalıdır.

Mətbuatda qida təhlükəsizliyi ilə bağlı yazılar artırılmalı, milli donorlar tərəfindən bu mövzulara diqqət ayrılmalı, layihə müsabiqələri təşkil edilməlidir.

Təkcə ölkəyə idxal olunan məhsullar deyil, daxili məhsulların qida təhlükəsizliyinə uyğun olması üçün tədbirlər gücləndirilməlidir. Qida təhlükəsizliyi sözün əsl mənasında ölkənin milli təhlükəsizliyi kimi qorunmalıdır.

Dövlətin bu istiqamətdə islahatlarının aparılması ilə yanaşı, bazar iqtisadiyyatı şəraitində administrativ metodlarla bu məsələnin həlli mümkün deyil, bunun üçün hər bir vətəndaş qida təhlükəsizliyinə ictimai nəzarəti təşkil etməlidir".

Ekspert dedi ki, bu təkliflər daha da təkmilləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcək, o cümlədən parlamentdə "Qida təhlükəsizliyi" haqqında qanunun qəbulu ilə bağlı təklif veriləcək: "Biz çox istərdik ki, bu tipli monitorinqlər paytaxtda və digər iri şəhərlərdə də keçirilsin".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçı hüquqlarına dair maarifləndirmə işlərinin genişləndirilməsini təqdir edərək bildirdi ki, gələcəkdə bu birlik hansı mal və məhsulla bağlı neqativ hal aşkarlayıbsa, o məhsulu istehsal edən müəssisənin adını çəkməkdən ehtiyat etməsin: "Alıcıya ad lazımdır ki, məlumatlı olsun. Hansı məhsul keyfiyyətli deyil, onu almasın. Əgər bu adlar ictimailəşsə, həmin məhsulların istehsalçıları çalışacaq ki, alıcısını itirməmək üçün özündə olan əyər-əskiyi düzəltsin. Əks təqdirdə, bu mübarizənin faydası olmayacaq!"

Natiq Əkbərov isə bildirdi ki, istehlakçı hüquqlarını qoruyan qurumların koalisiyasını yaratmaqla gələcəkdə bu istiqamətdə görüləcək işləri intensivləşdirmək mümkündür.

Sevil HİLALQIZI


Müəllif: