18 Aprel 2014 14:41
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramlı: "Monitorinqlər zamanı məlum oldu ki, bəzi rayonlarda icra nümayəndələri kartları yığıb gecə saat bankomatdan pul çıxarıblar"

Kənd təsərrüfatı naziri Heydər Əsədov subsidiyaların gecikməsi ilə bağlı yaranan problemin artıq aradan qaldırıldığını bildirib. Jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, aprelin 16-dan fermerlərə vəsaitləri paylanmağa başlanıb. Nazir kənd təsərrüfatı istehsalçılarını xəbərdar edib ki, onlara verilən subsidiya kartlarını tələb etsinlər.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin fevralında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirmişdi ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların ayrılmasında şəffaflıq gözlənilmir, bəzi hallarda subsidiya fermerlərə çatmır. Prezident ötən il də bu məsələyə toxunduğunu xatırladaraq sonuncu xəbərdarlıq kimi subsidiyanın verilməsində nəzarət-uçot sistemi yaradılmasını tapşırmışdı.

Yenidən subsidiya kartı istehsal etmək əlavə xərcdir

Problemin öz həllini tapdığını bildirən Heydər Əsədov deyib ki, fermerlərin kartlarını məmurların alıb, özündə saxlaması qəti qadağandır: "Əgər bu proses normal olmasa, biz məcbur olacağıq ki, yenidən kart istehsal edib, hər bir kənd zəhmətkeşinin özünə təqdim edək. Amma istəməzdim əlavə xərc çəkək. Bizim Kapitalbank rəhbərliyilə söhbətimiz olub, artıq bu kartlar aktivləşdiriləcək".

Məlumat üçün bildirək ki, subsidiya ilə əlaqədar ildə dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır. Starateji məhsullar üzrə (çörək istehsalı üçün buğda istehsalına) hər hektara görə fermerə 80 manat, adi məhsullar üzrə isə hər hektara 40 manat pul ödənir.

Arpa əkir, buğda adı ilə sənədləşdirib pulunu mənimsəyirlər

Salyan rayon Marışlı kənd sakinlərindən birinin dediyinə görə, 3 hektar əkin sahəsi var. Torpağı adi məhsullar üzrə becərdiyinə görə ildə 40 manat alır. İndiyədək subsidiya kartında hər hansı bir maxinasiya ilə üzləşmədiyini deyən fermer bildirdi ki, bu cür neqativ hala adətən icra nümayəndəsi ilə fermerin razılığı əsasında rast gəlinir: "Kim subsidiya kartlarından uzun müddətdir yararlanır, onun pulunun mənimsənilməsi haqqında eşitməmişəm. Çünki hər bir fermerə məlumdur ki, dövlət büdcəsindən subsidiya verilir. Hər hansı mənimsəmə icra nümayəndəsi ilə fermer arasında aparılan razılaşma əsasında mümkün olur. Məsələn, buğdaya görə əlavə 40 manat ödəndiyi üçün fermer arpa əkib, icra nümayəndəsi ilə razılaşma əsasında bunu buğda əkini kimi qeydiyyatdan keçirir. Bu pulu isə aralarında bölürlər".

"Pulu bankomatdan gecə çıxarıblar"

İqtisadçı Vüqar Bayramlının bildirdiyinə görə, subsidiya maxinasiyaları Maliyyə Nazirliyinin apardığı yoxlamalar əsasında müəyyənləşib: "Hətta bəzi hallarda subsidiyaların yerli icra hakimiyyəti orqanları tərəfindən mənimsənilməsi halları da olub. Baxmayaraq ki, subsidiyalar kartlar vasitəsilə ödənir, fermerə hədə-qorxu gəlməklə kartını ələ keçiriblər. Apardığımız monitorinqlər zamanı məlum oldu ki, bəzi rayonlarda yerli icra hakimiyyəti orqanları fermerlərin subsidiya kartlarını yığıb gecə saat 3-4 aralığında bankomatdan pul çıxarıb. Cinayətə gecə vaxtı əl atıb ki, əhali bundan xəbərsiz olsun".

Hazırda belə halların qarşısını almaq üçün dövlət tərəfindən müəyyən cəhdlər edildiyini bildirən iqtisadçı dedi ki, mövcud problemlə bağlı ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var.

"Aqrar sahədə vergiləri bərpa etmək lazımdır"

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov isə bildirdi ki, hazırda fermerlərin ciddi problemi subsidiya ilə bağlı deyil. Baxmayaraq ki, bəzi iqtisadçılar subsidiyaların artırılması təşəbbüsünü irəli sürür, o isə bunu məqbul hesab etmir: "Avropada fermerin hər hektara görə istehsal etdiyi məhsuldan verdiyi vergi aldığı subsidiyadan qat-qat çoxdur. Azərbaycan fermeri vergi vermir, subsidiya və güzəştli formada toxum və gübrə alır, bu isə Azərbaycanda qeyri-səmərəli biznesi stimullaşdırmaq deməkdir.
Avropada daha yaxşı nəticə əldə edən fermerə hökumət subsidiya ilə yardım edir. Bu baxımdan mən Azərbaycanda nəinki subsidiyanın məbləğini artırmaq, aqrar sahədə vergi tətbiqini bərpa etməyin tərəfdarıyam".

Taxıl sahələri susuzluqdan yanır

Bölgələrlə sıx əlaqədə olduğunu bildirən Vahid Məhərrəmov taxılçılıqla məşğul olan fermerlərin probleminə də diqqət çəkdi: "Onların problemi subsidiya deyil. Onların taxıl sahələrində oktyabrın sonlarından əkin aparılıb, amma hələ indiyədək taxıl sahələrinə birinci suyu vura bilməyiblər. Bu sahələr yağışın ümidinə qalıb. Ona görə bitkidə ifrat şəkildə seyrəklik var, həm də taxıl sahələri inkişafdan geri qalıb. Fermeri maraqlandırır ki, suvarma suyu əldə edib sahələrini vaxtlı-vaxtında suvarsın, mineral gübrə verib məhsuldarlıq əldə etsin. Yaxşı ola ki, bu məsələyə mətbuat da önəm versin".

SEVİL


Müəllif: