2 İyun 2014 14:00
771

İyunun 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel və Azərbaycanda fəaliyyət göstərən digər neft-qaz şirkətlərinin təmsilçiləri “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, mərasimdə bildirilib ki, ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində geokimyəvi, analitik, PVT və kern analizi laboratoriyaları, ikinci mərtəbəsində isə iş otaqları, yeməkxana, akt zalı, server otağı mövcuddur.

Binanın ətrafında abadlıq işləri aparılıb, həyətdə Kernsaxlama Kompleksi tikilib. Vurğulanıb ki, 1996-cı ildə mərhum prezident Heydər Əliyev Norveçdə rəsmi səfərdə olan zaman Norveç höküməti tərəfindən laboratoriya kompleksi ona hədiyyə olunub, kompleksin Azərbaycana gətirilməsi və quraşdırılması “Statoil” şirkəti tərəfindən həyata keçirilib. Hazırda isə kompleks genişləndirilərək əhatə miqyası etibarı ilə regionun ən böyük tədqiqat mərkəzlərindən birinə çevrilib. Müəsisənin fəaliyyət sahəsinə axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələr üzərində geniş tədqiqat işləri aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişi tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentlər aparmaq və s. daxildir. Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspres analizlərin aparılması yüksək ixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş nümunələr bütün lazımi avadanlıqlarla təchiz olunmuş beynəlxalq standardlara uyğun Kern Saxlanma Kompleksində saxlanılır. “Azlab” ölkə ərazisində fəaliyyət göstərən digər xarici və yerli şirkətlərin axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını həyata keçirməklə yanaşı, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin bir çox şirkətləri ilə də sıx əməkdaşlıq edir. 2005-ci ildən bu müəssisə Dübəndi terminalında “Günəşli” və “Neft Daşları” yataqlarından hasil edilən neftin, 2013-cü ildən isə ARDNŞ-nin ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlar səviyyəsində nəzarəti həyata keçirir.

“Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzi işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə böyük önəm verir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.

ARDNŞ prezidenti yeni inzibati binada yaradılmış şəraitlə tanış olub, görülmüş işlərdən razı qaldığını söyləyib. O, yeni binanın açılışı münasibəti ilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Naibə


Müəllif: