2 İyun 2014 18:30
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər həmin evlər normalara uyğun tikilsəydi, dağıntının həcmi də göründüyü kimi olmazdı”.

Bunu Axar.az-a son zamanlar yeraltı təkanların artması ilə bağlı narahatlıqlara aydınlıq gətirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib:

“Xəzərdə olan zəlzələlər o qədər də güclü deyil. Belə xırda təkanlar tez-tez olur. Biz adətən gücü 3,5 baldan artıq olanları mediada yayırıq. Türkiyə, İran kimi dövlətlərə gəldikdə isə onlar aktiv seysmogen bölgədə yerləşən ölkələrdir və burada güclü zəlzələlərin olması normal haldır. Zəlzələlərin baş verməsi dərinlik qırılmaları ilə bağlı olan dinamik proseslərdir və Yunanıstan, Türkiyə, İran kimi ölkələr də həmin zonalarda yerləşdiyi üçün bu tektonik hərəkətlər onlarda daha asan hiss olunur”.

Dövlət rəsmisi baş verə biləcək zəlzələlərin təsirini minimuma endirilməsinin mümkün olduğunu da deyir:

“Seysmologiyada “seysmik riskin qiymətləndirilməsi” deyilən bir termin var. Yəni ki, müxtəlif ərazilər üçün baş verəcək zəlzələnin maksimal gücünü müəyyən etmək mümkündür. Məhz bu proqnozlara görə, həmin ərazidə tikililər möhkəm tikilməlidir. Yəni ki, həmin tikililər zəlzələyə davamlı olmalıdır. Götürək Yaponiyanı, yaxud Amerikanı. Burada güclü zəlzələlər olmasına baxmayaraq, dağıntılar demək olar ki, olmur. Olsa da, minimum olur. Yəni dağıntıları minimuma endirmək mümkündür. Zəlzələ nəticəsində dəyə biləcək ziyanı minimuma endirmək üçün infrastrukturda möhkəmlik yaratmaq lazımdır. İnkişaf etmiş ölkələrdə bu problemlər demək olar ki, həll edilib. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Yəqin ki, 2012-ci il mayın 7-də Zaqatala, oktyabrın 14-də Balakəndə baş verən zəlzələdəki dağıntıları xatırlayırsınız. Əgər həmin evlər normalara uyğun tikilsəydi, dağıntının həcmi də göründüyü kimi olmazdı”.

Qurban Yetirmişlinin fikrincə, insanların zəlzələdən az ziyan çəkməsinin əsas göstəricilərindən biri də psixoloji hazırlıqdır:

“Bir də ki, insanları psixoloji cəhətdən hazırlamaq lazımdır ki, onlar təşvişə düşməsinlər. Türkiyədə baş verən zəlzələ yəqin ki, yadınızdadır! Adamlar zəlzələnin olduğunu görüb özlərini pəncərədən atmışdılar. Bu da zərərin artması ilə nəticələnir”.

Xatırladaq ki, son zamanlar regionda zəlzələlərin artması müşahidə edilir. Ötən ay iki gün içində Türkiyədə ardıcıl olaraq iki böyük zəlzələ baş verdi. Hər ikisinin gücü Rixter şkalası ilə 6–6,5 bal gücündə idi. Qonşu İranda baş verən zəlzələ isə nəinki həmin ölkədə, hətta Azərbaycanın Cənub rayonlarında hiss edilmişdi. 4 gün öncə isə episentri Xəzər dənizində olan təkanlar Bakıda asanlıqla hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, bu təkanların gücü 3,6 bal olub.


Müəllif: