3 İyun 2014 12:30

Türkiyənin Antalya şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə “Ailə planlamasında ümumi bazar yanaşmalarının təşviqi siyasəti” mövzusunda beynəlxalq tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirə Azərbaycan Ombudsmanı, Səhiyyə Nazirliyinin və BMT-nin Əhali Fondunun nümayəndələri də qatılıblar. Tədbirin əsas məqsədi ailə planlaşdırılması üzrə xidmətin təkmilləşdirilməsi ilə bağlı strateji planın hazırlanması olub.

Bundan başqa, dünyada baş verən ana ölümü, perinatal ölümlərin və abortların sayının artması, bu problemlərin çıxış və həlli yolları müzakirə olunub. Yekdilliklə belə qənaətə gəlinib ki, ailə planlaması vasitələrinin əlçatanlığı söylənilən problemlərin sayının azalmasına kömək edə bilər. Ailə planlaşdırılması üzrə strateji planın hazırlanması və hökumətə təqdim edilməsi tövsiyə olunub.

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə ailə planlaması, reproduktiv sağlamlıq mövzularında keçirilən tədbirlər haqqında məlumat verilib, bu mövzuda nəşrlər nümayiş etdirilib. Müvəkkil tərəfindən ölkəmizdə ana və körpələrin sağlamlıq hüquqlarının müdafiəsinin, ailənin möhkəmləndirilməsinin də milli prioritetlərindən olduğu daim önə çəkilir. İnsan hüquqlarının daha səmərəli təmini baxımından hazırlanmış qanunvericilik sənədlərindən olan “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” Qanun layihəsini Milli Məclisin iclasında müzakirə edildikdən sonra, dəyirmi masa təşkil edərək, həmin layihənin geniş ictimai müzakirəsini təşkil etmiş, həmçinin iştirakçıların təklif və mülahizələri əsasında təkliflər planı hazırlayaraq müvafiq qurumlara təqdim edilib. Müvəkkil reproduktiv sağlamlığın hər bir vətəndaşın normal ailə həyatı qurması və planlı şəkildə dünyaya uşaqlar gətirə bilməsi ilə bağlı olduğunu, bu məsələlərin qanun layihəsində öz əksini tapmasını, o cümlədən reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması və reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edilməsinin xüsusi önəm daşıdığını vurğulayıb:

“Milli Məclisdə Reproduktiv sağlamlıq haqqında Qanunun qəbulu üçün dəstəyin verilməsi də vacib məsələlərdəndir. Ölkədə belə bir qanunun qəbul olunması həm də sonsuzluğun aradan qaldırılması və bu səbəbdən ailə dağılmasının qarşısının alınması məqsədi daşıyıb”.

Müvəkkilin tövsiyələri də iştirakçıların diqqətinə səbəb olub. Əhalinin reproduktiv sağlamlığının (RŞ) qorunması məqsədilə dövlət qurumları, ictimai təşkilatlar, KİV-lər və icmaların iştirakı ilə birgə proqramların həyata keçirilməsi; qadınların, kişilərin, gənclərin məsuliyyəti və sağlam cinsi, həmçinin reproduktiv davranışa kömək edəcək məlumat əldə etmələri üçün imkanların genişləndirilməsinə, mərkəzlərin yaradılmasına, ictimai xidmətlərin təşkilinə dəstək verilməsi; mənfi stereotipləri aradan qaldırmaq məqsədilə tədbirlər planının hazırlanması; nəşr vasitələrinin, o cümlədən xüsusi modulların hazırlanması və əhali arasında yayılması; sağlam həyat tərzini təbliğ etmək məqsədilə maarifləndirmə işinin aparılması; minilliyin inkişaf məqsədlərinə uyğun olaraq əhalinin müxtəlif qruplarına ünvanlanan fəaliyyət proqramlarının həyata keçirilməsi, həmin proqramların müntəzəm şəkildə monitorinqinin aparılması, nəticələrinin təhlili və dəyərləndirilməsi, sorğuların keçirilməsi üçün bir sahə üzrə xüsusi indiqatorların hazırlanması; qaçqın və məcburi köçkün qadınların məskunlaşdığı yerlərdə səyyar tibbi xidmətlər vasitəsilə RS-ə aid müayinələrin həyata keçirilməsi, ödənişsiz kontraseptiv vasitələrin paylanması; tibbi xidmətin bütün səviyyələrində təhlükəsiz, analıq və patronaj xidmətin (xüsusilə kənd yerlərində) göstərilməsi istiqamətində proqramların işlənib həyata keçirilməsi və s. təkliflər bu qəbildəndir.

Naibə QURBANOVA


Müəllif: