3 İyun 2014 15:20
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktoru Qay Rayder arasında görüş olub.

Teleqraf.com-un məlumatına görə, əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, əmək bazarının inkişafı yönündə görülən işlər barədə məlumat verən Səlim Müslümov bu islahatlar prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini vurğulayıb: “Azərbaycan BƏT-in 56 konvensiyasını ratifikasiya edib. Bu konvensiyalardan irəli gələn yanaşmalar ölkənin milli qanunvericiliyində əksini tapıb. Eyni zamanda, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normaların tətbiqinə daim xüsusi diqqət yetirilir və BƏT-lə əməkdaşlıq çərçivəsində layiqli əməyin təminatı üzrə ölkə proqramı icra olunub”.

BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinin gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm stimul olduğunu bildirən nazir xüsusən əməyin mühafizəsi sahəsində milli müstəvidə səmərəli fəaliyyət mexanizminin qurulmasında BƏT-in dəstəyinin dəyərli ola biləcəyini deyib:

“Azərbaycanda əməyin mühafizəsi və təhlükəsizliyi üzrə strategiya hazırlanıb və həmin strategiyaya BƏT-in ekspertiza dəstəyinin göstərilməsi olduqca əhəmiyyətli olardı. Bununla yanaşı, BƏT-lə əməkdaşlığın qeyri-formal məşğulluğa dair əhali, xüsusilə gənclər arasında arasında əhatəli sorğuların keçirilməsi və monitorinq sisteminin yaradılması təcrübəsinin formalaşdırılması sahəsini də əhatə etməsi məqsədəuyğun ola bilər”.

Səlim Müslümov əmək bazarı ehtiyaclarının proqnozlaşdırılması sahəsində ƏƏSMN-nin institisional potensialının gücləndirilməsi, əmək statistikasının təkmilləşdirilməsi, əmək haqqı (minimum əmək haqqı) siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə də BƏT-lə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb və BƏT Baş direktorunu Azərbaycana dəvət edib.
Qay Rayder Azərbaycanda aparılan uğurlu islahatları və Azərbaycanın BƏT ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu məmnunluqla qeyd edib.

Səslənən təklifləri müsbət qarşılayan Qay Rayder gənclərin məşğulluğu və əməyin mühafizəsi və təhlükəsizliyi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib və ölkəmizə səfər etmək arzusunu ifadə edib.

Naibə


Müəllif: