3 İyun 2014 15:32

“Azərbaycanın repressiya olunmuş alimləri: biblioqrafik göstərici”si nəşr edilib.

AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan və rus dilində təqdim olunan 580 səhifədən ibarət kitab 1920-1940-cı illər ərzində Azərbaycan SSR XDİK “üçlüy”ünün qərarlarına əsasən repressiya olunmuş Azərbaycan alimlərinin həyat və yaradıcılıqlarına həsr edilib.
Kitabda repressiya qurbanlarının siyahısı da verilib.

Təqdim olunan kitab indiki Azərbaycan Milli Elmlər Akademiyası üzrə repressiyaya məruz qalmış alimlərin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunub.

Tərtibçi müəlliflər Azərbaycan Respublikasının Prezident Arxivində, Respublika Dövlət Arxivində, MEA-nın arxivində, AMEA-nın MEK-də, M.F. Axundov adına Milli Kitabxanada və onun arxivində, Tarix muzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat İnstitutlarının arxivlərində intensiv axtarışlar apararaq onlarca alimin bioqrafiyasını yazıya almış, mövcud faktları müxtəlif tərzdə sistemləşdirib.

Akademiyada repressiyaya məruz qalmış alimlər daha çox humanitar sahənin görkəmli mütəxəssisləri – Azərbaycanın qədim və zəngin tarixini, dilini, ədəbiyyatını, folklorunu araşdıran Şərq təmayüllü türkoloq və şərqşünaslar, ədəbiyyat və dil tarixçiləri olub.

Kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf direktor müavini Firəngiz Hüseynovadır.

SEVİL


Müəllif: