4 İyun 2014 18:16
852

Kəmaləddin Heydərov: “Fövqəladə hadisələr nəticəsində baş verən itkilərin miqyasının azaldılması üçün beynəlxalq əməkdaşlıq zəruridir”

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə iyunun 4-də Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” öz işinə başlayıb.

Konfransa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri qatılıb.
Təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığını daha da dərinləşdirmək məqsədilə keçirilən konfransda Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, Türkiyə baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk iştirak edir.

İki gün davam edəcək tədbirə BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki Yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi Geoelmlər İnstitutu, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələr də qatılıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov konfrans iştirakçısı olan ölkələri möhkəm və dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini deyib. Nazir İƏT-lə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır uğurla həyata keçirildiyini bildirib:

“Bu əməkdaşlıq Azərbaycan Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğruldub. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir”.

Dünyanın müxtəlif ölkələrində baş verən fövqəladə hadisələrin həm maddi, həm də insan itkisinə səbəb olduğunu deyən nazir Kəmaləddin Heydərov bu itkilərin miqyasının azaldılması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb. O, seysmik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də baş vermə ehtimalının yüksək olduğunu deyib. Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını, bir sıra ölkələrə humanitar yardımlar edildiyini bildirib.

Nazir qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə risklərin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət, qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır:

“Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Bu tədbirlərə birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur. Bu kontekstdə birgə cəhdlər və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bu konfrans fəlakət riskinin azaldılması siyasəti üzrə gələcək strategiyalarının müəyyən edilməsi üçün çərçivə yaratmaq istiqamətində İqtisadi Əməkdaşlıq Təşkilata üzv dövlətlər, beynəlxalq və hökumətlərarası təşkilatlar arasında fikir və təcrübə mübadiləsinə mükəmməl platforma yaradacaq”.

Beynəlxalq konfransda müxtəlif mövzularda məruzələr dinlənilib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Şurasının Qafqaz və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Marsel Vaessen “Beynəlxalq humanitar cavabvermə sistemi: Bu gün və sabah həyatların xilas edilməsi”, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) regional məsləhətçisi Sanjay Kumar “BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının İƏT üzv ölklərində fəlakət riskinin idarə olunması üzrə perspektivləri”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin fəlakət riskinin idarə olunması üzrə qlobal təşəbbüs qrupunun rəhbəri Olaf Handloegten “Fəlakət riskinin idarə olunmasında Almaniya təcrübəsi”, Almaniya Texniki Yardım Federal Agentliyinin nümayəndəsi Florian Veber “Fəlakətlərə cavabvermə üzrə hazırlıq”, Almaniya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi P.Mahmudov “İctimai yönümlü fəlakət riskinin azaldılması”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Alois Şlaeffer “Mərkəzi Asiyada və dünyada fəlakət riskinin idarə olunması layihələri”, Türkiyə Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Fuat Oktay “Van zəlzələlərində fəlakətlərin və fövqəladə halların idarə olunması” mövzusunda məruzə edib.


Konfrans çərçivəsində Kəmaləddin Heydərov Türkiyə Baş nazirinin müavini Bəşir Atalayla görüşüb. Nazir Kəmaləddin Heydərov qonağı səmimi salamlayaraq qeyd edib ki, iki qardaş ölkə - Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə Baş nazirinin müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib. Bəşir Atalay vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. O, ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycanla Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişlənəcək.

Naibə QURBANOVA


Müəllif: