19 Aprel 2014 13:19
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsil məsələlərinin işıqlandırılmasında və cəmiyyətə təqdim edilməsində KİV-lərin rolunun xüsusi olduğunu bildirib.

Nazir müavini əlavə edib ki, hazırda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Bu plan hazırda hökumətdə müzakirə edilir. Fəaliyyət Planı təsdiqləndikdən sonra müvafiq sahələrə uyğun olaraq, dövlət proqramlarının qəbul ediləcəyi gözlənilir: "İslahatların uğurla aparılması üçün bu işlərin mahiyyətinin düzgün başa düşülməsi də şərtdir. Ancaq bu islahatların təşəbbüskarı yalnız Təhsil Nazirliyi olmalı deyil. Bütün cəmiyyət bu təşəbbüskarın iştirakçısı olmalıdır ".

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə müsabiqə barədə məlumat verib. O qeyd edib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə 25 nəfər müsabiqənin qalibi olub və həvəsləndirici yerlərə sahibləri müəyyənləşib.

Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub.


Müəllif: