5 İyun 2014 14:32

Avtomobili istər lizinq yolu, istərsə də bank krediti ilə əldə etmək sığortaya təsir edir. Baxmayaraq ki, “İcbari sığortalar haqqında” qanunda avtomobilin növündən asılı olaraq vahid sığorta tarifi müəyyənləşdirilib.

Avtonəqliyyat vasitəsinin növünə görə əmsallar bir neçə kateqoriya üzrədir. Minik avtomobillərində bu, mühərrikin həcmindən asılıdır. Mühərrik həcimi 50-1500 kubsantimetr olan avtomobillərdə bu əmsal 1-ə, 1501-2000 kubsantimetr üçün 1,5-ə, 2001-2500 kubsantimetr üçün 2-yə, 2501-3000 kubsantimetr üçün 2,5-ə, 3001-3500 kubsantimetr üçün 3-ə, 3501-4000 kubsantimetr üçün 3,5-ə, 4001-4500 kubsantimetr üçün 4-ə, 4501-5000 kubsantimetr üçün 4,5-ə və mühərrikin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə 5-ə bərabərdir.

Nəticədə, məsələn, mühərrikin həcmi 1600 kubsantimetr olan "VAZ-2107" və ya 1800 kubsantimetr olan “Azsamand” avtomobilləri üçün illik sığorta tarifi 75 manat, mühərrikinin həcmi 2800 kubsantimetr olan “Mercedes” avtomobillərində sığorta tarifi 125 manatdır.

Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olur. 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4-ə bərabərdir.

Hər hansı şəxs avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk dəfə sığorta olunursa, sığorta tarifi avtomobilin növündən (mühərrikin həcmindən və s.) asılı olaraq hesablanır. Bundan sonrakı illərdə sığorta müqavilələri bağlananda avtomobilin gücü ilə yanaşı, onun bundan əvvəlki il qəza törədib-törətmədiyi də nəzərə alınır.

Bundan başqa, sığorta hadisəsi baş verəndən sonra yeni sığorta bağlananda da həmin hadisə nəzərə alınır və bu, sürücünün ödəyəcəyi tarifə təsir edir.

İqtisadçı ekspert Rəsul Balayev hesab edir ki, sığorta siyasəti vətəndaşların marağına uyğun olsa da, ailə büdcəsi üçün əlavə yük yaratmamalıdır. Eyni zamanda bundan bəhrələnmək üçün vətəndaşların sığorta şirkətlərinə inamı olmalıdır: “Sığorta bazarı o qədər də inkişaf etməyib, beynəlxalq standartlara, beynəlxalq rəqabətə davamlı bir bazar deyil. Hesab edirəm ki, bu baxımdan sığorta şirkətləri ilə vətəndaşlar arasında ilk növbədə etimad, inam yaratmaq lazımdır.

Sığortanın həyatımızdakı rolu ilə bağlı vətəndaşlarımız maariflənməlidir. Eyni zamanda bilməlidirlər ki, hansı sığorta müqaviləsinin predmetində nələr durur, sığorta hadisəsi baş verən zaman onlar hansı xərclərini ödəmək iqtidarında olurlar?”

“Başak-İnam” sığorta şirkətinin Biznesin inkişafı departamentinin direktoru Hikmət Allahverdi lizinq və bank krediti ilə avtomobil əldə edərkən ortaya çıxan fərqə aydınlıq gətirdi. Onun sözlərinə görə, avtomobil kreditə alınıbsa, o zaman bütün sığorta şirkətləri vahid qaydalar əsasında – “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” ilə avtomobili sığortalayır: “Avtomobili lizinqlə götürüldüyü təqdirdə, yuxarıda qeyd olunan qaydalar əsasında sığortalanmır. Bu qaydalar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarət Xidməti (DSNX) tərəfindən təsdiqlənsə də, hər bir sığorta şirkəti sərbəst qaydalar tətbiq edir, bu zaman isə fərqli şərtlər ortaya çıxır”.

Ekspert deyir ki, 2011-ci ildən DSNX bütün sektor üçün “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” qaydalarını tətbiq edib: “Hüquqi şəxslərin sahibliyində olan bütün növ avtomobillər və fiziki şəxslərin sahibliyində olan digər bütün növ avtomobillərin sığortalanmasında (minik avtomobilləri xaric) isə sığorta şirkətləri sərbəstdirlər”.

Naibə QURBANOVA


Müəllif: