6 İyun 2014 10:44
456

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktorunun müavini Xose Manuel Salazar arasında görüş olub.

Teleqraf.com-un xəbərinə görə, görüşdə Səlim Müslümov Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf, ölkədə xidmət sektorunun inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əldə olunan nailiyyətlər, qeyri-neft sektorunun inkişafı fonunda yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib: “Qlobal səviyyədə işsizlik problemi kəskin xarakter aldığı halda, Azərbaycanda aparılan məqsədyönlü siyasət məşğulluq mühitinin canlanması və beləliklə, işsizliyin 5 faizədək, yoxsulluq səviyyəsinin isə 5,3 faizədək azalmasına səbəb olub.”

Gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, əmək bazarına daxil olan gənc işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunmasının mühüm prioritetlərdən olduğunu qeyd edən nazir əmək və məşğulluq sahələrində aparılan islahatlarda BƏT-lə əməkdaşlığın vacibliyini vurğulayıb.

X.M.Salazar əhalinin məşğulluğunun təminatı, işsizliyin kəskin şəkildə azaldılması sahəsində Azərbaycanda görülən işləri və onların müsbət nəticələrini yüksək dəyərləndirib. İşçi qüvvəsinin keyfiyyətinin əmək bazarının tələblərinə uyğun yüksəldilməsi və peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlara BƏT-in lazımi dəstək verməyə hazır olduğunu vurğulayan X.M.Salazar BƏT-lə Beynəlxalq Sahibkarlar (İşəgötürənlər) Təşkilatının birgə həyata keçirdiyi “Qlobal Təcrübə Şəbəkəsi” (Global Apprenticeship Network) layihəsi barədə məlumat verib.

X.M.Salazar layihə çərçvəsində əldə olunan təcrübənin BƏT-ə üzv ölkələr üçün faydalı ola biləcəyini qeyd edib. Bundan əlavə o, BƏT-in iqtisadi inkişaf və məşğulluq sahəsində apardığı araşdırmalar barədə məlumat vermiş və Azərbaycanda beynəlxalq ekspertlərin iştirakı ilə bu mövzuya həsr olunmuş tədbirin keçirilməsini təklif etmişdir.

Görüşdə BƏT-lə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Naibə


Müəllif: