6 İyun 2014 15:02
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qiymətləndirmə prosesindən sonra kursun ilk müdavimlərinin buraxılışı olacaq. Burada onlara kursu bitirmələrinə dair müvafiq sertifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunacaq.

Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.

Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin mühazirələrini dinləyiblər.

Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Şəhidlər Xiyabanında olub, Mirmöhsün ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyində və başqa məkanlarda olublar.

Azərbaycan dövlətinin qayğısı və QMİ-nin təşkilatçılığı ilə ərsəyə gəlmiş təkmilləşdirmə kursları zamanı din xadimlərinin xüsusi ayrılmış məkanda qalmaları üçün bütün şərait yaradılıb, qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb. Din xadimlərinin təkmilləşdirmə kursları davam edəcək.

BƏXTİYAR


Müəllif: