6 İyun 2014 16:46

Bu gün “Elektroenergetikada kadr problemi: gələcəyə baxış” mövzusunda konfrans keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Bakıelektrikşəbəkə” ASC idarə heyətinin sədri Baba Rzayev iştirak edib.

“Elektroenergetikada kadr hazırlığının mövcud vəziyyəti” mövzusunda çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə bütövlükdə iqtisadiyyatın, o cümlədən energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır.

2014-cü il “Sənaye ili” elan edilməsi ilə bağlı energetika ixtisaslı ali təhsildə qəbul planının artırıldığını deyən nazir 6 ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyələrində 3 ixtisas üzrə mühəndis kadrları hazırlandığını vurğulayıb.

Bununla yanaşı ölkənin 6 orta ixtisas təhsili müəssisəsində 4 ixtisas üzrə ildə 280 nəfərlik kiçik mütəxəssis hazırlığı həyata keçirilir. 57 ilk peşə ixtisas təhsili müəssisələrdə isə energetika sahəsi üçün 4 ixtisas üzrə ildə 1493 fəhlə kadrı hazırlanır.

Ali təhsil müəssisələrinə energetika ixtisasları üzrə mütəxəssis hazırlığı eyni zamanda TEMPUS proqramı çərçivəsində də həyata keçirilir.

Nazir bildirib ki, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib: “Sənaye sahələri ilə ali təhsil müəssisələri arasındakı əlaqə daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Xüsusi diqqət təhsil alanların istehsal təcrübəsinin birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəldilməlidir”.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən “Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzinə lisenziya təqdim edilib. Sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

NİGAR


Müəllif: